“Küçədə yerimək mümkün deyil” - Fotolar

kucede-yerimek-mumkun-deyil
Oxunma sayı: 3261

Səbail rayon, Badamdar qəsəbəsi 3-cü massiv 17-ci küçə sakinləri yolun asfaltlanmamasından şikayətçidirlər.

“Qafqazinfo”ya müraciət edən vətəndaşların sözlərinə görə, illərdir bununla bağlı dəfələrlə Rayon İcra Hakimiyyətinə müraciət edilsə də heç nə dəyişməyib:
“Bu küçədə xəstə də qalır, əlil də, qazi də... Küçədə yerimək mümkün deyil. Yağışlı havalarda isə sözün əsl mənasında əziyyət çəkirik. Amma gəlib bu yolları düzəldən yoxdur”. 

Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “Sözügedən ünvanda asfalt örtüyünün təmir edilməsi ilə bağlı bir müddət əvvəl tərəfimizdən aidiyyəti üzrə rəsmi müraciət olunub. 

Son 4 il ərzində rayonun müxtəlif ünvanlarında 65 kilometrdən artıq yollarda asfalt örtüyü bərpa edilib. Belə ki, A.İsmayılov küçəsi, 6-cı mədən ərazisi, Yüzbəy Mürsəlov, Gülbala Əliyev küçələri, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Neftçilər, Tofiq Məmmədov və Əziz Nəzərov küçələri, Mətbuat prospekti 2 və 4, A.Abbaszadə küçəsi 19, 21, 23 və 25  ünvanlarında, Elçin Əzizov küçəsində və 2-ci Salyan döngəsində asfaltlanma işləri aparılıb və 2023-cü ildə də əsaslı təmir işlərinin davam etdirilməsi nəzərdə tutulub”. 

Lamiyə Məmmədova