Ləyaqətsiz varis elan edilən şəxs Türkan Gündüzün əri imiş - Yenilənib

leyaqetsiz-varis-elan-edilen-sexs-turkan-gunduzun-eri-imis
Oxunma sayı: 4956

Xəbər verdiyimiz kimi, Nizami Rayon Məhkəməsi həyat yoldaşını qəsdən öldürən şəxsi mirasdan məhrum edib.

“Qafqazinfo”nun məlumatına görə, mirasdan məhrum edilən şəxs plastik cərrah Türkan Gündüzün həyat yoldaşı Muhammet Gündüz olub.

Mərhumun qızı atasının anasından qalan mirasa münasibətdə ləyaqətsiz vərəsə hesab olunması tələbi ilə məhkəməyə müraciət edib. Birinci instansiya məhkəməsi iddianı təmin edib, apellyasiya instansiyası isə bu qərarı dəyişdirmədən saxlayıb.

Cavabdeh kassasiya şikayətində cinayətin qısqanclıq zəminində törədildiyini, miras əldə etmək məqsədi daşımadığını əsas gətirərək ləyaqətsiz vərəsə hesab edilməsi üçün hüquqi əsasların olmadığını bildirib. Ali Məhkəmənin Mülki kollegiyası isə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə ilə razılaşıb.

Qeyd edək ki, bir müddət əvvəl Türkan Gündüzün qızı Halime Gündüz Muhammet Gündüzün və onun övladının miras tələbi ilə onu narahat etdiyini açıqlamışdı.

***

İddiaçı Halime Gündüz saytımıza bildirib ki, məsələ əsas məhkəməyə qədər gedib çıxıb və LGS (ləyaqətsiz varis) təyin edilib: “Novxanıdakı mülk nikahdan əvvəl anamın adına alınmış əmlak olsa da və şəxs ləyaqətsiz varis seçilsə də, onun Novxanı və Nərimanov ərazilərindəki daşınmaz əmlaklarda qanuni olaraq 50% payı var.

Bununla yanaşı, Nərimanovdakı evdən dolanışıq mənbəyimiz olan kirayənişin Muhammet Gündüzün 1-ci nikahından olan qızı Büşra Gündüz tərəfindən çıxarılmağa çalışılıb. Xüsusilə vurğulayıram ki, anam heç vaxt ailə qanunlarını pozmayıb, əksinə, Muhammet Gündüz özü bizə şiddət tətbiq edib, anamıza və bizə qarşı pis rəftar göstərib. Həmçinin 2 ildir aliment ödənilmir, icra tərəfindən təyin edilmiş 15 000 manat da bizə ödənilməyib”.

Xatırladaq ki, Türkan Gündüz 2023-cü il mayın 7-si Abşeron rayonunun Novxanı qəsəbəsində qətlə yetirilib. Cinayətdə təqsirləndirilən Türkiyə vətəndaşı Muhammet Gündüz Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 17 il müddətinə azadlıqdan məhrum olunub.