“Türk axını” qaz kəmərinin Serbiyadan Slovakiyaya qədər uzanan strateji hissəsi Macarıstan ordusu tərəfindən xüsusi mühafizə altına alınacaq.
“Qafqazinfo” “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto məlumat verib.
Nazirin sözlərinə görə, Baş nazir Viktor Orban ölkənin Müdafiə Şurasının iclasında qaz kəmərinin Macarıstan hissəsinin hərbi mühafizəyə götürülməsi barədə dərhal əmr verib:
“Əsgərlər Serbiya-Macarıstan sərhədindən Macarıstan-Slovakiya sərhədinə qədər bütün xətt boyu boru kəmərini və strateji nöqtələri qoruyacaqlar. Macarıstan, Serbiya, Türkiyə və Rusiya kəmərin Avropa hissəsini qorumaq üçün qətiyyətli tədbirlər görmək barədə ortaq razılığa gəliblər”.
Qeyd edək ki, strateji infrastrukturun ordu tərəfindən qorunması qərarı kəmər yaxınlığında aşkar edilən partlayıcı maddə ilə bağlıdır. Belə ki, bu gün Serbiya Prezidenti Aleksandr Vuçiç Viktor Orbanla telefon danışığı zamanı qaz infrastrukturunu partlatmaq üçün istifadə edilə bilən güclü partlayıcı qurğu və detonatorların aşkarlandığını açıqlayıb. Dövlət başçısı bildirib ki, həmin maddələr boru kəmərindən cəmi bir neçə yüz metr aralıda tapılıb.
Xatırladaq ki, bundan əvvəl rəsmi Budapeşt Ukraynanın “Türk axını”na qarşı hər hansı təxribatını Macarıstanın suverenliyinə hücum kimi qiymətləndirəcəyini bəyan edərək Kiyevə qarşı yeni ittihamlar irəli sürmüşdü.
Son xəbərlər
Son Xəbərlər