Rusiya Dövlət Duması ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə Rusiya vətəndaşlığının, yaşamaq üçün icazənin və müvəqqəti yaşamaq üçün icazənin verilməsini qadağan edən qanun layihəsini ikinci və üçüncü oxunuşda qəbul edib.
“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, məhdudiyyət həm Rusiyada, həm də onun hüdudlarından kənarda məhkum edilmiş şəxslərə şamil edilir.
Bildirilib ki, cinayətin ağırlığından asılı olmayaraq, belə məhkumluğun olması daimi və müvəqqəti yaşamaq üçün icazənin, eləcə də təhsil almaq məqsədilə müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina edilməsi və ya əvvəllər verilmiş icazələrin ləğv edilməsi, həmçinin Rusiya vətəndaşlığına qəbul haqqında ərizənin rədd edilməsi üçün əsas ola bilər.
Qanun həmçinin 14 yaşdan yuxarı xarici vətəndaşlarda yaşamaq üçün və müvəqqəti yaşamaq üçün müraciət edərkən məhkumluğun olmadığı haqqında arayış və ya törədilmiş cinayət barədə məlumatı əks etdirən sənəd təqdim etmək öhdəliyi yaradır. Sənəd ərizəçinin vətəndaşlığı olan dövlətin səlahiyyətli orqanı tərəfindən maksimum 3 ay əvvəl verilmiş olmalıdır.
Bu qərar 14 yaşınadək uşaqlar, qaçqınlar, Rusiyada siyasi və ya müvəqqəti sığınacaq almış şəxslər, Rusiya Silahlı Qüvvələrində müqavilə əsasında hərbi xidmət keçən və ya keçmiş xaricilər, həmçinin daha əvvəl belə sənəd təqdim etmiş yaşamaq və müvəqqəti yaşamaq icazəsi olan şəxslərə şamil edilməyəcək.
Bununla yanaşı, Ukrayna vətəndaşları üçün 2 illik keçid dövrü nəzərdə tutulub. Belə ki, bu müddət ərzində onlar Rusiya orqanlarına müraciət edərkən məhkumluğun olmadığı haqqında arayış təqdim etməyə bilərlər.
Son xəbərlər
Son Xəbərlər