““Mız” qoyanlar həmişə olub”

miz-qoyanlar-hemise-olub
Oxunma sayı: 748


Bu günlərdə 7 sutkalıq həbsdən azadlığa çıxan Turqut Qəmbərlə müsahibə:



- Turqut bəy, öncəliklə keçmiş olsun. İkincisi isə keçək suallara. İlk həbs təcrübəniz necə keçdi?

- Maraqlı təcrübə oldu. Nə mənə, nə də digər aksiya iştirakçılarına qarşı heç bir hörmətsizlik, zorakılıq görmədim. Kamera yoldaşlarıma maraqlı kampaniya olduqlarına görə təşəkkür edirəm. (gülümsünür) Bütün bu müddət ərzində mənə və digər aksiya iştirakçılarına dəstək olanlara təşəkkür edirəm. Ümidvaram ki, bundan sonra belə təcrübə olmayacaq. Amma 7 gün ərzində çox şey öyrəndim.

- Nə öyrətdi bu 7 gün sizə?

- İlk dəfə idi ki, təcridxanada gecə keçirirdim. Bu barədə kifayət qədər fərqli təcrübə oldu. Mövcud olan, xoşagəlməz şəraitə uyğunlaşmaq baxımdan özümü yoxladım. Adaptasiya limitimi sınaqdan keçirdim.

- Bəs bu günlər ərzində kimlər sizə baş çəkdi? Ailə üzvləriniz gəlib-gedə bildimi yanınıza?

- Ailə üzvlərim baş çəkə bilmədi. Çünki bu, çətin məsələdir. Amma həbs olunan aksiya iştirakçılarına Əsabəli Mustafayev, daha sonra Ombudsman Aparatından, QHT-lərdən, eləcə də İşgəncələr Əleyhinə Komitədən Elçin Behbudov baş çəkdi.

- 7 günlük həbs həyatınız hansısa kitab formasında üzə çıxa bilərmi?

- (gülür) Nə yatdım ki, nə yuxu görüm? Zarafatsız, nə fantastik bir şey gördüm ki, onu da yazım? Sadəcə dost məclisində danışılası söhbətlər var. Amma yazmağa elə bir əhvalat yoxdur.

- Həbsdən çıxdınız, bu günlər də geridə qaldı. Atanızın - İsa Qəmbərin buna reaksiyası necə oldu?

- Atamla ancaq telefonla danışa bildim. Çünki mən çıxan vaxt atam tədbirlə bağlı Qazaxda idi. Telefonla danışdıq. Əhval-ruhiyyəmi, mənimlə birgə azadlığa çıxanları, həbsdə qalanları soruşdu. Ümumi əhval-ruhiyyəmlə, vaxtı necə keçirməyimlə maraqlandı. Uzun bir söhbətimiz olmadı.

- Belə uzun olmayan həbs müddətini kitab oxumaqla bitirmək mümkündür deyirlər. Siz orada hansı kitabları oxudunuz?

- İki kitab oxudum. Biri Andrey Platanovun “Can” romanı, digəri Milorad Paveçin “Xəzər Sözlüyü” idi. “Martin İden”i də bitirmək üzrəyəm. Təbii, bu siyahı daha çox ola bilərdi. Amma kamerada söhbətcil dostlarımız çox idi deyə say bu qədər oldu. (gülümsünür)

- Bu günlər ərzində ən çox nədən və kimdən ötrü darıxdınız?

- Azad şəkildə hərəkət üçün darıxdım. Ailəm, dostlarım, telefon və internet üçün darıxdım.

- Adətən həbsə düşənlər bir daha ora qayıtmayacaqları ilə bağlı özlərinə söz verirlər. Sizin belə bir vədiniz oldumu özünüzə?

- Yox. Bu, məndən asılı olmayan şeydir. Aksiya zamanı polis tərəfindən tutulub-tutulmamağı sən müəyyənləşdirmirsən. Bəzi dostları evdən tuturlar. Bunu söz verməklə idarə etmək qeyri-mümkündür. Polis bölməsinə düşəndən sonra sənin taleyini yuxarıdakılar həll edir. Eyni zamanda Azərbaycanın demokratikləşmə uğrunda gedən mübarizəsində də iştirak etmək istəyirəm.

- Siz həbsdə olanda dostlar sosial şəbəkədə belə bir status da paylaşdılar ki, “İsa Qəmbər xalqın balasını qırğına verir, türməyə salır deyənlər, rahatlaşın. İsa Qəmbərin də oğlu həbs olunub”. Sizcə, bu həbs doğrudanmı gələcəkdə İsa bəyə qarşı arqumentlərin qarşısını alacaq?

- Bilirsiniz, bu söhbətlər hər zaman olub. İnanmıram ki, inzibati həbsdən sonra bitsin. Həbsdən sonra hətta dedilər ki, “İsa Qəmbər öz oğlundan qəhrəman düzəldir”. “Mız” qoyanlar həmişə olub və olacaq. İstənilən müsbət prosesi də istədiyi kimi qələmə verənlər var. Amma bu söhbətlərin müəyyən qədər təsiri oldu ki, mən də inzibati cəza aldım. Amma mız qoyanlar, lağ edənlər, bu prosesə inamsız yanaşanlar üçün hər hansı bir şeyə mız qoymaq üçün imkan həmişə olacaq.

- Həbs dönəmində sınaqdan çıxmayanlar oldumu?

- Əksinə. Sevindirən bu oldu ki, təcridxanada olanda dostlarımdan məktub gəldi. Azadlığa çıxandan sonra “Facebook”a və öz elektron ünvanıma baxdım. Dəstək məktubları vardı. Aralarında “N!da”çılar da vardı, demokratik düşərgədən olanlar da. Xaricdə birgə oxuduğum tələbə yoldaşlarım, BDU-dakı tələbə yoldaşlarım da yazmışdılar mənə. Çox sevinirəm ki, mənə və prosesə bu qədər dəstək var.

- Hər halda, həbsxanada olmaq bu qədər də gözəl deyil. Bu 7 gündə təəssüfləndiyiniz heç nə olmadımı?

- İlk növbədə anamın ad günündə, iki dostumuzun isə toyunda iştirak edə bilmədim. Dostlarım üçün, öyrəşdiyim həyat tərzi üçün darıxdım.

- Bəs orada sizə İsa Qəmbərin oğlu olduğunuzu hiss etdirdilərmi?

- Bilənlər bilirdi. Amma xüsusi münasibət görmədim. Digər dostlarımıza hansı münasibəti göstərirdilərsə, bizə də eləcə...

Musavat.com