Müştəriyə sərt cavab yazan direktor işi ilə vidalaşdı - Fotolar

musteriye-sert-cavab-yazan-direktor-isi-ile-vidalasdi
Oxunma sayı: 5790

Türkiyədə məşhur şokolad brendi olan “Patiswiss” boykot edilib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb şirkətin icraçı direktoru (CEO) Elif Aslı Yıldız Tunaoğlunun sosial şəbəkədə müştərinin iradına verdiyi sərt cavab olub. 

Belə ki, Esra adlı vətəndaş “Patiswiss” şirkətinin istehsalı olan, brend supermarket şəbəkəsindən aldığı şokoladın kiflənməsi ilə bağlı iradını paylaşıb.

Müştəri məhsulun istifadə müddətinin hələ keçərli olmasına rəğmən bu cür problemlə üzləşdiyini bildirib:

“İlk dəfədir ki, kiflənmiş şokolad görürəm. Həvəslə almışdım, istifadə müddətinin bitməyinə də hələ çox var. Hər halda məhsulun bu cür kiflənməsi tədarük prosesində saxlama şəraiti ilə bağlı problemdir”.

Sadəcə iradını bildirən müştəriyə icraçı direktorun reaksiyası çox sərt olub. 

Tunaoğlu müştərinin bu cür rəy yazmasını brendi gözdən salmaq məqsədi daşıdığını vurğulayıb:

“Bu məhsulların həyatda kiflənmədiyini bilirsinizmi? Deyək ki, kiflənib, doğrudur. Məncə, evinizdəki rütubət səviyyəsini təcili yoxlamalısınız. Həmçinin “Linkedin”də paylaşmaq üçün başqa məzmununuz olmaması utancvericidir. Haqlısan, sosial şəbəkədə üstünlük qazanmaq üçün, hər kəsin bizə ehtiyacı var. Əgər, belə bir vəziyyətlə qarşılaşmısınızsa, bizə deyərək təzminat tələb edə bilərdiniz. Qarşınızda nəhəng “Migros” və biz varıq. Hər kəs məhsulun arxasındadır. Vəkillərimiz sizinlə əlaqə saxlayacaq, amma mən öz işimi özüm həll etməyi xoşlayıram”.


E.A.Y. Tunaoğlunun məhz müştəriyə bu cavabı sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub. 

Paylaşıma şərh yazan istifadəçilər direktoru eqolu davranışına görə müzakirə mövzusuna çeviriblər. CEO isə bu qədər tənqidə məruz qaldığı üçün yazdığı rəyi silib. 

Lakin, onun postunu silməsi “Patiswiss”i xilas edə bilməyib. Nəhəng supermarket şəbəkələrində satılan “Patiswiss” markalı şokoladlar bu şikayətlərdən sonra rəflərdən qaldırılıb.

Bununla yanaşı brendin onlayn satışını da dayandırıblar.

Bütün bu hadisələrdən sonra Elif Aslı Yıldız Tunaoğlu da sosial media hesabından paylaşım edərək, vəzifəsindən istefa verdiyini açıqlayıb.