Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin yeyintidə ittiham olunan sabiq rəisi Mehdi Əmrahovun məhkəmə araşdırması davam edir.
“Qafqazinfo”nun məlumatına görə, bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Məhkəməyə hakim Neymət Məmmədov sədrlik edir.
Bugünkü prosesdə məlum olub ki, Mehdi Əmrahov bu yeyinti işində tək olmayıb. Onunla birgə üç nəfər tanışı - Sahib Qarayev, Arif Şıxəliyev və Yaşar Əmənova da cinayət işi açılıb. Əmrahovdan fərqli olaraq, adıçəkilən şəxslər nazirliyin işçisi deyillər. Onlar əsasən adlarına şirkət açmaq üçün müəyyən şəxsləri tapmaqda idarə rəisinə kömək olaraq tenderlərin təşkilində iştirak ediblər.
Bu işin mahiyyəti ondan ibarətdir ki, dövlət büdcəsindən müxtəlif təyinatlı materialların alınması üçün pullar ayrılıb, həmin pullar isə əsasən tenderdə iştirak edən şirkətlər vasitəsilə nağdlaşdırılaraq mənimsənilib. Məsələn, təkcə Çarçanov ailəsinin adına açılmış şirkətlərə 250 min manat pul köçürülüb.
.jpg)
Mehdi Əmrahovdan başqa digərləri “yedikləri” pulları geri qaytarıblar. Bu əsasla prokurorluqda onların işinə xitam verilib. Ayrı-ayrılıqda Yaşar Əmənov 85 min, Sahib Qarayev 16 min, Arif Şıxəliyev isə 10 min manat ziyan ödəyib.
Amma maraqlı olan budur ki, onlar özlərini təqsirli bilmirlər. Məsələn: Arif Şıxəliyev 10 min ödəsə də, özünü cinayətdən xəbərsiz kimi aparıb, heç bir rolu olmadığını deyib.
Onun bu mövqeyi prokuror Valeh Ələkbərovun diqqətindən yayınmayıb. “Siz 10 min manat ziyan ödəmisiniz. Buna görə də barənizdəki cinayət işinə xitam verilib. Cinayətlə əlaqəniz yox idisə, niyə pul qaytarırdınız?! Belə şey olmur”, - deyə prokuror şahidin sözlərinə tənqidi münasibət bildirib.

Hakim Neymət Məmmədov şahidlərə xəbərdarlıq edib, onlara məhkəmədə olduqlarını xatırladıb.
Şahidlər də təsdiq ediblər ki, köçürülən pullar təyinatı üzrə xərclənməyib.
Əsasən fəhlə, bərbər, çayçı işləyən şəxslərin adlarına şirkətlər açılıb, həmin şirkətlərə köçürülən pullar da Sahib, Yaşar, Arif və başqaları vasitəsilə nağdlaşdırılaraq idarə rəisi Mehdi Əmrahova çatdırılıb.
Səhiyyə Nazirliyi tərəfindən ümumilikdə 16 tender keçirilib, demək olar, hamısında Yaşar Əmənovun şirkətləri qalib gəlib. Əmənov hakim qarşısında əməlini etiraf edib, adlarına şirkət açılan aztəminatlı şəxslərə cüzi məbləğdə pul verildiyini bildirib.
Prosesin davamında təqsirləndirilən şəxsin nazirliyə işçi kimi rəsmiləşdirdiyi Fəridə adlı qadın ifadə verib. Cinayət dövründə Əmrahov onun xalası ilə evli olub və bu qohumluğa görə Fəridəyə evdə oturmaqla maaş ödənilib. Əmrahov sonradan cinayət məsuliyyətinə cəlb olunarkən həyat yoldaşı ilə boşanıb.
.jpg)
Fəridənin dediyinə görə, xalası ayrıldıqdan sonra Mehdi Əmrahovla danışmırlar. O, müstəntiqə verdiyi ifadəni təsdiqləyib. Xanım şahid həyəcanlı olduğu üçün məhkəmə onun istintaqdakı ifadəsi ilə kifayətlənib.
Təqsirləndirilən şəxs şahidlərin dediklərinə “danışırlar da, nə deyə bilərəm?” deyə qeyri-müəyyən cavab verib.
Proses oktyabrın 19-u qalan şahidlərin ifadəsi ilə davam edəcək.
Qeyd edək ki, M.Əmrahov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. O, ibtidai istintaq boyu azadlıqda olub. Dövlətə dəymiş ziyanı ödəmədiyi üçün elə ilk məhkəməsində həbs edilib.
Sail Ağasəlim
Son xəbərlər
Son Xəbərlər