Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı insidentlə bağlı həbs olunan Uğur Mersinlinin istintaqa verdiyi ifadə məlum olub.
“Qafqazinfo” xəbər verir ki, Türkiyə mətbuatında yayılan ifadədə sabiq polis rəisi Uğur Mersinli insidenti törədən oğlu İsa Aras Mersinlinin psixoloji vəziyyətinin normal olmadığını bildirib.
“Oğlumun tipik yeniyetməlik və imtahan problemləri, stresləri vardı. Psixoloq, oğlumun cəmiyyətə uyğunlaşma məsələsində problem yaşayacağını, bir az nəzarətdə qalmasının lazım olduğunu söyləmişdi. Həkim gələcəkdə psixoloji müalicənin lazım ola biləcəyini demişdi”, - ata ifadəsində deyib.
U.Mersinli oğlunun silaha marağından xəbərdar olduğunu, buna görə onu özü ilə poliqona belə apardığını bildirib: “Aprelin 13-də polis poliqonuna gedərək özümə məxsus silahla atəş açdım, oğluma da bir neçə dəfə atəş açmaq imkanı yaratdım”.
O, daşıma icazəli 7 ədəd silahının, 2 ədəd ov tüfənginin olduğunu qeyd edib.
Ata oğlunun onlayn oyunlar oynadığını da söyləyib: “Oğlum interaktiv (danışıqlı-onlayn) oyunlar oynayırdı, biz otağına girən zaman isə hər şeyi bağlayırdı. Bu səbəbdən indiyədək pis bir şey görməmişdik”.
Son xəbərlər
Son Xəbərlər