“Onu yaşına görə qiymətləndirmirəm”

onu-yasina-gore-qiymetlendirmirem
Oxunma sayı: 1245

Portuqaliya milli komandasının yeni baş məşqçisi Jorje Jezuş yığmanın kapitanı və hücumçusu Kriştianu Ronaldo haqqında danışaraq, 41 yaşlı forvardın gələcəyi ilə bağlı yekun qərarın hələ qəbul edilmədiyini bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, “Footmercato” nəşrinə müsahibəsində deyib:

“Qərar vermək vaxtı gələndə şəxsən Kriştianu və digər bütün oyunçularla təkbətək danışacağam. Kriştianu Portuqaliyanın simvoludur və onun adı həmişəlik tarixə həkk olunub. “Əl-Nəsr”də onunla birgə çalışmaq mənə çox xoş idi. Mən futbolçunu yaşına görə qiymətləndirmirəm, bu, Kriştianuya da aiddir”.

Xatırladaq ki, Portuqaliya yığması Dünya Çempionatının 1/8 final mərhələsində İspaniyaya 0:1 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb. Karyerası ərzində 5 dəfə Çempionlar Liqasını, 2 dəfə Millətlər Liqasını, Avropa çempionluğunu və 5 “Qızıl top”u qazanan Ronaldo matçdan əvvəl bu Dünya Çempionatının onun karyerasındakı sonuncu olacağını elan etmişdi. Nəticədə təcrübəli hücumçu dünya çempionu titulunu qazana bilmədi.