Oyuna dalıb təsadüfən sərhədi keçdi - Video

oyuna-dalib-tesadufen-serhedi-kecdi
Oxunma sayı: 979

ABŞ-Kanada sərhədində baş verən maraqlı hadisə sosial mediada geniş yayılıb. Təxminən 10 yaşlı bir uşaq sərhəd keçidində yerləşən turniketlərlə oynayarkən təsadüfən Kanada ərazisinə keçib.

“Qafqazinfo” xəbər verir ki, hadisə ailə ilə gəzinti zamanı piyada keçid məntəqəsində qeydə alınıb.

Turniketlərin yalnız bir istiqamətdə hərəkət etməsi səbəbindən uşaq geri qayıda bilməyib və qısa müddət ərzində sərhədin digər tərəfində qalıb.

Hadisəni çəkən ata uşağın sərhədi keçdiyini görərək təşviş keçirib və ona səslənib. Videoda onun “Sən başqa ölkədəsən! Geri qayıda bilməzsən!” sözləri eşidilir.

Məlumata görə, uşağın yanında pasport və ya şəxsiyyət vəsiqəsi olmayıb. Rəsmi sərhəd məntəqəsindən sənədsiz keçid, hətta təsadüfi hallarda belə, prosedur baxımından mürəkkəb vəziyyət yarada bilər.

Hadisəyə sərhəd rəsmiləri müdaxilə edib və uşaq qısa müddət sonra ailəsinə qaytarılıb. Rəsmi açıqlamada vəziyyətin nəzarət altında olduğu bildirilib.

Hadisə internetdə həm yumor, həm də tənqidi şərhlərlə qarşılanıb.