100 il əvvəl-1926-cı il oktyabrın 14-də Londonda ingilis yazıçısı Alan Aleksandr Milnin “Vinni-Pux” (“Winnie-the-Pooh”) adlı kitabı nəşr olunub.
“Qafqazinfo” xəbər verir ki, yazıçı bu əsəri oğlu Kristofer Robinin yumşaq oyuncaqlarından ilhamlanaraq qələmə alıb.
Baş qəhrəmanın prototipi əvvəlcə “Edvard” adlandırılan oyuncaq ayı olub. “Vinni” adı isə Londondakı zooparkda saxlanılan, Kanadadan gətirilmiş “Vinnipeq” adlı ayının şərəfinə seçilib. Ayının adının ikinci hissəsi olan “Pux” isə Miln ailəsinə yaxın bir ailənin saxladığı qu quşunun adından götürüldüyü bildirilir.
Fotoda: Kristofer Robin və oyuncaq ayı “Edvard”

Əsərdə yer alan bir çox digər heyvan personajlar - donuz balası, uzunqulaq İa, pələng, kenquru və onun balasının prototipi də Kristofer Robinin oyuncaqları olublar.
Kitabda Vinni-Pux və dostlarının Meşədə yaşadığı maraqlı macəralardan bəhs olunur. Burada dostluq, qayğıkeşlik və cəsarət kimi mövzular ön plana çıxır. Əsərdə İanın kədərli personaj kimi təsvir edilməsinə isə Robinin oyun zamanı onun quyruğunu qoparması səbəb olub.
Miln 1928-ci ildə əsərin davamını “Puxun guşəsindəki ev” (“The House at Pooh Corner”) kitabını nəşr etdirib və bundan sonra Vinni-Pux haqqında yeni kitab yazmayıb.
Arxada qalan 100 il ərzində “Vinni Pux” 50-dən çox dilə tərcümə olunub, onun əsasında onlarla film və cizgi filmi çəkilib, lakin bir şey dəyişməyib: obraz onilliklər ərzində populyarlığını qoruyub və müxtəlif nəsillərin sevimlisinə çevrilib.




Son xəbərlər
Son Xəbərlər