Azərbaycanlı cərrahın müasir cərrahiyyə təcrübəsi beynəlxalq maraq doğurur.
“Qafqazinfo” xəbər verir ki, artıq bir sıra əməliyyatların ənənəvi metodlar əvəzinə son texnoloji avadanlıqlarla icrasında azərbaycanlı həkimlərin təcrübəsi ölkə hüdudlarından kənarda da diqqət çəkir.
Belə ki, fevralın 12–14-də Özbəkistandan gələn bir qrup həkim Bakıda yerləşən “Məlhəm Hospital”da ümumi cərrahiyyə uzmanı, doktor Mahmud Mahmudovun rəhbərliyi ilə icra olunan müasir lazer və laparoskopik cərrahiyyə əməliyyatlarını izləyib.
Qardaş ölkədən gələn mütəxəssislər minimal invaziv cərrahiyyənin tətbiqi, lazer texnologiyalarının tətbiqi və əməliyyat prosesinin idarə olunması ilə yaxından tanış olublar. Onlar həmçinin əməliyyat zamanı ortaya çıxan praktik məqamları yerində müşahidə edərək təcrübə mübadiləsi aparıblar.
Türk Dövlətləri Təşkilatı çərçivəsində üzv ölkələr arasında səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından bu kimi peşəkar səfərlər xüsusi əhəmiyyət daşıyır. Özbəkistanlı həkimlərin Azərbaycana səfəri iki ölkə arasında tibbi təcrübə mübadiləsinin gücləndirilməsi, dövlət–özəl tərəfdaşlığın stimullaşdırılması və səhiyyə sektoruna əlavə investisiyaların cəlb olunması üçün yeni imkanlar yaradır.
Bu tip təlimlər qarşılıqlı əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaqla tibb mütəxəssislərinin praktik bilik və bacarıqlarının artırılmasına, eyni zamanda əhaliyə daha effektiv tibbi xidmətlərin göstərilməsinə şərait yaradır.
Qeyd edək ki, ümumi cərrah Mahmud Mahmudov uzmanlıq təhsilini Türkiyənin nüfuzlu Hacettepe Universiteti Xəstəxanasında alıb. Təhsilini başa vurduqdan sonra vətənə qayıdan cərrah əsasən onkoloji əməliyyatlar üzrə ixtisaslaşıb. O, xüsusilə qarın boşluğunda peritona yayılmış, irəliləmiş mərhələli xərçəng xəstələrində tətbiq olunan isti kimyaterapiya (HİPEC) əməliyyatını ölkədə ilk icra edən mütəxəssislərdən biri kimi tanınır.
Mahmud Mahmudov Azərbaycana qayıtdıqdan sonra doğulduğu Ağdaş rayonunda ilk laparoskopik əməliyyatların tətbiqinə başlayıb. Hazırda o, Hacettepe Universitetinin Klinik anatomiya kafedrasında doktorant kimi elmi fəaliyyətini davam etdirir, eyni zamanda Bakıda onkoloji və bariatrik əməliyyatlar həyata keçirir.





Son xəbərlər
Son Xəbərlər