Ermənistanın Baş naziri Nikol Paşinyanın İrəvanda təşkil etdiyi rok konsertinin hakim “Vətəndaş müqaviləsi” partiyasına neçəyə başa gəldiyi məlum olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə yerli “Joxovurd” qəzeti məlumat yayıb.
Partiyanın İdarə Heyətinin sədr müavini Vahaqn Aleksanyan Paşinyanın yaratdığı rok qrupunun 30 yanvar tarixində “Palladium Hall”da baş tutan konsertinə partiya büdcəsindən 8.5 milyon dram (təxminən 38 500 AZN) xərcləndiyini açıqlayıb.
Onun sözlərinə görə, bu məbləğdən 2.5 milyon dram (təxminən 11 300 AZN) zalın icarəsinə, 4.9 milyon dram (təxminən 22 200 AZN) brendləşdirmə, dizayn, atributların alınmasına, 1.1 milyon dram (təxminən 5000 AZN) aranjiman, musiqiçilər və dicey üçün ödənişlərə xərclənib.
Bununla belə, “Palladium Hall”un baş nazirə böyük endirim etdiyi güman edilir. Belə ki, bu “Hall”da 500 nəfərlik zalın icarəsi halında 1 nəfər üçün qiymətin 27 min dram (təxminən 122 AZN) olduğu iddia edilir. Qəzetin hesablamalarına görə, bu halda təkcə zal üçün təxminən 13,5 milyon dram (təxminən 61 100 AZN) xərclənməli idi.
Qeyd edək ki, Paşinyanın yaratdığı rok qrupu “Varçabend” (“Varchaband”) adlanır. Bu ad ermənicə “varçapet” (baş nazir) və ingiliscə “band” (musiqi qrupu) sözlərinin birləşməsindən yaradılıb. O, Ermənistanın İctimai Televiziyasına müsahibəsində zərb alətlərində ifa etməyi onlayn platforma vasitəsilə öyrəndiyini və bunun üçün 250 dollar ödədiyini bildirmişdi.
Son xəbərlər
Son Xəbərlər