BAAU ilə ICESCO birgə təlimlərə start verdi - Fotolar

baau-ile-icesco-birge-telimlere-start-verdi
Oxunma sayı: 255

Bakı Avrasiya Universiteti (BAAU) və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Bakıdakı Regional Ofisinin nümayəndəliyi ilə birlikdə “Sultan bin Abdulaziz Al Saud beynəlxalq dil təlim proqramı” çərçivəsində üç gün ərzində (17 – 19 iyun 2026) “Mərkəzi Asiyada Ərəb dili” təliminin açılış tədbiri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə BAAU-nun rəhbərliyi, ICESCO-nun Bakıdakı Regional Ofisinin nümayəndələri, ərəb dili üzrə mütəxəssislər və müəllimlər iştirak ediblər.

Açılış tədbirində çıxış edən BAAU-nun rektoru, dosent Səyavuş Qasımov proqramın və təlimin əhəmiyyətindən bəhs edərək ərəb dilinin və mədəniyyətinin öyrənilməsinin beynəlxalq əməkdaşlığın inkişafına, eləcə də xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə mühüm töhfə verdiyini vurğulayıb. Rektor qeyd edib ki, bu kimi beynəlxalq layihələr və tədbirlər universitetin qlobal akademik əlaqələrinin genişlənməsində və beynəlxalq əməkdaşlığın artırılmasında xüsusi əhəmiyyət daşıyır.

Dosent Səyavuş Qasımov çıxışı zamanı BAAU-da fəaliyyət göstərən Ərəbşünaslıq Mərkəzi haqqında da məlumat verib. Bildirib ki, mərkəzin əsas məqsədi ərəb dilinin və mədəniyyətinin öyrənilməsini təşviq etmək, bu istiqamətdə elmi-tədqiqat fəaliyyətini dəstəkləmək, beynəlxalq əməkdaşlığı genişləndirmək və ərəb dili üzrə yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına töhfə verməkdir. O, Ərəbşünaslıq Mərkəzinin müxtəlif beynəlxalq qurumlarla əməkdaşlıq etdiyini, seminarlar, təlimlər və elmi tədbirlər təşkil etdiyini diqqətə çatdırıb.

BAAU-nun nəzdində fəaliyyət göstərən Ərəbşünaslıq Mərkəzinin elmi rəhbəri dos. Ülviyyə Hüseynova çıxış edərək mərkəzin fəaliyyəti və gördükləri işlər haqqında tədbir iştirakçılarına məlumat verib. O, çıxışında həmçinin “Sultan bin Abdulaziz Al Saud beynəlxalq dil təlim proqramı” çərçivəsində təşkil olunan “Mərkəzi Asiyada Ərəb dili” təliminin əhəmiyyətindən danışıb.

Daha sonra Sultan bin Abdulaziz Al Saud Fondunun Baş direktorunun müavini Dr. Abdulaziz Almagushi çıxış edərək proqramın əsas məqsədinin qeyri-ərəb ölkələrində ərəb dilinin tədrisinin inkişafına dəstək vermək, müəllimlərin peşəkar bacarıqlarını artırmaq və mədəniyyətlərarası dialoqu təşviq etmək olduğunu bildirib.

ICESCO-nun Qeyri-Ərəb Dilli Şəxslər üçün Ərəb Dili Tədrisi Mərkəzinin rəhbəri Dr. Majdi Bin Haji Ibrahim çıxışında ərəb dilinin beynəlxalq səviyyədə tədrisinin genişləndirilməsi istiqamətində həyata keçirilən layihələrdən danışıb. O, proqramın iştirakçılara müasir tədris metodları ilə tanış olmaq və təcrübə mübadiləsi aparmaq imkanı yaratdığını vurğulayıb.

ICESCO-nun Bakı Regional Ofisinin direktoru adından çıxış edən ofisin nümayəndəsi Aytən Eyvazzadə təşkilatın təhsil, elm və mədəniyyət sahələrində həyata keçirdiyi təşəbbüslər barədə məlumat verib. O, qeyd edib ki, ərəb dilinin öyrənilməsinə yönəlmiş bu proqram region ölkələri arasında əməkdaşlığın möhkəmləndirilməsinə, akademik əlaqələrin genişlənməsinə və yeni imkanların formalaşmasına töhfə verəcək.

Sözügedən proqram çərçivəsində iştirakçılar üçün ərəb dilinin tədrisi metodikası, müasir təhsil yanaşmaları, praktiki məşğələlər və təcrübə mübadiləsinə həsr olunmuş mövzuların təqdim olunması nəzərdə tutulub. Proqramın əsas məqsədi regionda ərəb dilinin tədrisinin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, eləcə də beynəlxalq elmi və akademik əməkdaşlığın gücləndirilməsidir.