Paytaxtın Baş planının təqdimatı keçirildi - Fotolar

paytaxtin-bas-planinin-teqdimati-kecirildi
Oxunma sayı: 2744

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın 2040-cı ilədək inkişafına dair Baş planının təqdimatı keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Bakı Şəhər İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərləri, Nazirlər Kabinetinin şöbə müdiri, Milli Məclisin deputatları, elm, şəhərsalma və memarlıq sahələri üzrə mütəxəssislər tanınmış ictimai xadimlər QHT və paytaxt qəsəbələrinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, dekabr ayının 30-da Bakı şəhərinin 2040-ci ilədək inkişafına dair konseptual xarakterli Baş planı təsdiq edilib. Ölkə başçısı İlham Əliyevin tapşırığı ilə hazırlanan Baş plan bütün müasir tələblərə cavab verir və şəhərin inkişafınin ümumi strategiyası kimi qəbul olunur.

Tədbirin davamında Bakı şəhərinin yenı Baş Planına dair məlumat xarakterli videoçarx, həmçinin sənədin üstünlükləri, ən önəmli məqamları və bir çox maraq doğuran məsələləri əhatə edən geniş təqdimat nümayiş olunub.

Təqdimatda çıxış edən Nazirlər Kabineti Aparatının Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsinin müdiri Feyruz Mustafayev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, Xəzər rayonu, Mərdəkan qəsəbə nümayəndəsi İlqar Müqbilov, memar Nəriman İmaməliyev və başqaları Baş plana dair öz fikir və düşüncələrini bölüşüblər. Bildirilib ki, yerli və xarici mütəxəssislər qrupu tərəfindən hazırlanan Baş plan paytaxtın gələcək inkişafı üçün çox mühüm bir sənəddir. Sənəddə 2040-cı ilədək paytaxtda görüləcək iri miqyaslı işlər şəhərin gələcək inkişaf perspektivləri, yaradılacaq yeni infrastruktur, salınacaq parklar və s barədə məlumatlar öz əksini tapıb.

Çıxışçılar Bakı şəhərinin dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi, daha da gözəlləşməsi və müasirlənməsi istiqamətində görülən işlər və göstərilən qayğıya görə ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Tədbirdə, həmçinin 4 vacib hədəfə əsaslanan Baş plan paytaxtın 212,3 min hektarlıq bütün inzibati ərazisini əhatə etməklə 2040-cı ilədək olan müddət ərzində şəhərin əsas inkişaf prioritetlərini özündə əks etdirir:

- şəhərin dayanıqlı inkişafı,

- şəhər və ətraf mühitin bərpası,

- memarlıq irsinin qorunması,

- yeni şəhər iqtisadiyyatı formalaşdırılması.

Belə ki, Baş plana uyğun olaraq vahid mərkəzli aqlomerasiya olan Bakı növbəti inkişaf mərhələsinde rahat, ekoloji cəhətdən təmiz, mobil, insanyönümlü və inklüziv çoxmərkəzli şəhərə çevriləcək Baş Plan həmçinin ərazi zonalaşdırılması, əsaslı tikinti, nəqliyyat və sosial infrastruktur, kommunal sistemler, "hibrid yaşıl dəhlizlərin yaradılması ilə ətraf mühitin temizlənməsi, eyni zamanda ərazilərin abadlaşdırılması tədbirleri habelə post-sənaye dövrünə keçidi təmin edəcək yeni şəhər iqtisadiyyatı məsələlərini özündə ehtiva edir. Sənədlə bunlarla yanaşı, icra müddətinin ilk illərində həyata keçirilməli prioritet fəaliyyətlər müəyyən edilib. Strateji layihələr həm özünəməxsus məkan konsepsiyalarını, həm də Bakıda həyat keyfiyyətinin yaxşılaşdırılması üçün ümumi təşəbbüsləri təmsil edir.

Gülnar Əliyeva

Fotolar: Xəyal Vəlizadə