Puldan divar hörübmüşlər - Milyonları vedrələrlə daşıdılar - Video

puldan-divar-horubmusler
Oxunma sayı: 458

İtaliyanın Neapol şəhəri yaxınlığındakı Kayvano şəhərində keçirilən əməliyyat zamanı evin divarlarında, kafellərin altında və mebellərin gizli bölmələrində saxlanılan 3,2 milyon avro nağd pul aşkar edilərək müsadirə olunub.

“Qafqazinfo” xəbər verir ki, əməliyyat zamanı çoxsaylı “Kalaşnikov” tipli tüfənglər, müxtəlif tapançalar və 11 ədəd “Rolex” saatı da tapılıb.

Basqın nəticəsində mafiya tipli cinayətkar təşkilat yaratmaq, şantaj və narkotik qaçaqmalçılığı ittihamları ilə 34 şübhəli həbs edilib.

Polis evdə axtarış apararkən divar və kafellərin altındakı gizli bölmələri aşkar edib. Bu hissələrdə 50 avroluq əskinasların səliqəli şəkildə qablaşdırılaraq saxlanıldığı müəyyənləşdirilib.

Müsadirə edilən pulların evdən çıxarılması üçün polis əməkdaşları plastik vedrələrdən istifadə ediblər.

Polis pulun gizlədildiyi bölmələrə çatmaq üçün bəzi divarları söküb, duş kabinasının döşəməsini çıxarıb və mebelləri də diqqətlə yoxlayıb.

Hakimiyyət orqanları pulların mənbəyini araşdırır. İlkin qiymətləndirmələrdə vəsaitin narkotik qaçaqmalçılığı ilə əlaqəli ola biləcəyi bildirilir.

Əməliyyatın Kamorra ilə əlaqəli olduğu ehtimal edilən cinayətkar təşkilata qarşı keçirildiyi qeyd olunur.

Müsadirə edilən vəsaitin cinayət yolu ilə əldə edildiyi məhkəmə tərəfindən təsdiqlənərsə, pulların zərərçəkənlərə dəstək məqsədilə İtaliya Ədalət Fonduna köçürülməsi planlaşdırılır.