Qətər Tehrana vasitəçilər göndərdi - ABŞ ilə danışıqlar üçün

qeter-tehrana-vasiteciler-gonderdi
Oxunma sayı: 251

Qətər ABŞ ilə koordinasiyalı şəkildə İranla kritik danışıqların aparılması üçün xüsusi vasitəçilər qrupunu Tehrana göndərib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə nüfuzlu “Reuters” agentliyi özünün gizli mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Dohadan Tehrana göndərilən nümayəndə heyətinin əsas məqsədi İranla sülh sazişi üzrə hələ də razılaşdırılmamış bəzi prinsipial məsələlərin həllinə birbaşa köməklik göstərməkdir.

Hesabatda bildirilir ki, Qətər əvvəllər Qəzza zolağındakı münaqişə də daxil olmaqla bir sıra mürəkkəb beynəlxalq proseslərdə uğurla vasitəçilik edib. Lakin cari ilin mart ayında İranın gözlənilmədən Qətər ərazisinə zərbələr endirməsindən sonra Doha rəhbərliyi Tehranla bağlı bütün diplomatik danışıqlardan geri çəkildiyini elan etmişdi. İndi isə rəsmi Doha regionda sabitliyin təmini üçün yenidən prosesə qoşulub.

Eyni zamanda, Türkiyə, Misir və Pakistanın da bu çətin diplomatik prosesdə dolayı yollarla vasitəçilik etdiyi gələn məlumatlar arasındadır.

Qeyd edək ki, hazırda ABŞ və İran arasında masada olan ilkin sülh layihəsi hərbi əməliyyatların və atəşkəsin tam dayandırılmasını, qarşılıqlı hücumların qəti şəkildə qadağan edilməsini, həmçinin Hörmüz boğazı da daxil olmaqla bütövlükdə regionda gəmiçiliyin sərbəstliyinin təmin olunmasını nəzərdə tutur.