Qızımın dediyi şeiri unutmağa çalışıram...

qizimin-dediyi-seiri-unutmaga-calisiram
Oxunma sayı: 12418

3 aprel 2020. Şamaxıda tikdiyim evin kitabxanasından yenicə dil açmağa başlayan qızım Xalidə bir kitab seçir.

Kitabı alıb baxıram, kirilcə çap olunub, amma Azərbaycanın müasir ədəbiyyatının ən gözəl şairlərindən biri Salam Sarvanın şeirlər toplusudur.

Kitabı ortadan açıram, bəxtimizə çıxan ilk şeiri elə iki-üç dəfə oxumaqla Xalidəm əzbərləyir.

Videosunu çəkib şairin özünə göndərirəm, bu ölkədə bir körpənin ilk əzbərlədiyi şeir onun yazdığıdır deyə.

Çox mütəəssir olur. Yadıma düşür ki, bir neçə il əvvəl hansısa jurnalisti onun evindən müsahibə almağa göndərəndə belə bir tapşırıq verirəm. Salam Sarvandan soruş, amma elə et ki, inciməsin. Sonsuzluğun, övladsızlığın hissini ifadə etsin.

Reportajda həmin suala cavabı təxminən belə olur:

- Evə gələndə bloka daxil oluram, qapının düyməsini basanda bəzən hansısa mənzildən körpə çığırtısının gəldiyini eşidirəm. Bir anlıq çaşıram, elə bilirəm ki, mənim evimdən gəlir.

Salamı çox sevirəm, ara-sıra zəng edib hal-əhval tuturam. Bu zamanla hər ay periodik baş verir. Bir ay əvvəl də zəng etdim. Qarabağdan danışdıq, qələbəmizin niyə ədəbiyyata yansımadığını soruşdum.

Dedi, böyük hadisədir, bizə zaman lazımdır, mütləq yazılacaq...

İki gün əvvəl Rəşad Məcidlə görüşəndə, Salam Sarvan ağır xəstəliyə tutulub, Anar müəllim müraciət edəcək, çox güman köməklik olunacaq dedi.

Səhəri gün Şamaxıdan Bakıya yola düşəndə zəng etdim. 

Telefona dünyanın o başından cavab verdi. Öd kisəsi ilə qaraciyərimin arasında şiş əmələ gəlib, ilkin əməliyyat keçirmişəm, 5-6 günə əsas əməliyyata girəcəm, inanıram ki, ciddi deyil dedi.

Harasa müraciət etmək təklifimi eşidəndə - bəlkə yüngüldür, kimisə narahat etməyə dəyməz deyə, icazə vermədi.

Götürüb iki dostuma - İlham Əzizlə, Fərid Hüseynə zəng etdim, evinə gedək, baş çəkək dedim.

Dərhal razılaşdılar. Evi 9-cu mikrorayon, “Limon” restoranının yanındadır, bilirdik təxmini.

Özünə əziyyət verməmək üçün az qala qapı-qapı gəzib tapdıq. Birotaqlı “xruşovka”da bizi qarşıladı.

Amma necə?

Əlində bir adamın belə, güclə manevr edəcəyi otaqda öz içini tökdüyü sellofan torba ilə...

Bir də öz şeirində dediyi kimi:

Bir yekəpər Ölüm gəzir 
yanımda Cangüdən kimi.

Danışmağa başladı:

- Həkimim güclüdür, Mircəlal Kazımidir, ona inanıram, ilk əməliyyatımın yarısını icbari tibbi sığorta qarşıladı, hələ heç kimin əziyyət çəkməyini istəmirəm, bəlkə elə də böyük xərci yoxdur.

Çalışıram, dünyanın mənasız işlərindən danışaq, kefini açaq, bir az da güldürə bilirik. İlham deyir ki, xəstə ziyarəti qısa çəkər, durun gedək.

Evin qapısından çıxanda belə, bir-birimizə dəyməmək, evdəki kitablara toxunmamaq üçün az qala kitabdan tutub divara dayaq veririk.

Blokun qarşısında İlham məni qucaqlayıb hönkürür. Nə yaxşı gətirdin bizi, elə bil min il oruc tutmusan dedi...

9-cu mikrorayonda bir xeyli dəli kimi gəzirik. Salamın böyük şair olduğunu, onun bənizinin belə solğun olmasının ədəbiyyata yaraşmadığını deyirik, ağlayırıq və hərəmiz bir bəhanə ilə növbəti işimizin bizi gözlədiyini deyərək qaçıb gedirik...

Dünəndən beynimdən məhz 4 il əvvəl 3 apreldə qızımın dilindən eşitdiyim, Salamın şeirindəki bu ifadələri silməyə çalışıram:

Gəl sənə təsəlli verim:
darıxma, düzəlməyəcək!

Elbrus Ərud