Şəki Şəhər Uşaq İncəsənət Məktəbinin 85 illik yubileyi qeyd olundu

seki-seher-usaq-incesenet-mektebinin-85-illik-yubileyi-qeyd-olundu
Oxunma sayı: 1876

Şəki Şəhər Uşaq İncəsənət Məktəbinin fəaliyyətə başlamasından 85 il ötür. Özünəməxsus musiqi ənənələri ilə seçilən bu təhsil ocağının 85 illiyi münasibətilə Şəki Heydər Əliyev Mərkəzində keçirilən yubiley tədbirində Şəki Şəhər İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, məktəbin yetirmələri və musiqisevərlər iştirak ediblər.

“Qafqazinfo” xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə mərkəzin foyesində məktəbin müəllim və şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxıblar.

Yubiley tədbirinin əvvəlində Şəki Şəhər Uşaq İncəsənət Məktəbinin 85 ildə keçdiyi yola qısa nəzər salınıb, qazanılan nailiyyətlərdən danışılıb, məktəbin tarixini və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Diqqətə çatdırılıb ki, məktəb 1938-ci ildə fəaliyyətə başlayıb. Fəaliyyəti dövründə məktəbin minlərlə məzunu olub. Hazırda onların əksəriyyəti Şəkidə, həmçinin respublikamızın digər şəhər və rayonlarında musiqi müəllimi, xoreoqraf, rəssam, ifaçı kimi fəaliyyət göstərirlər. Məktəbin məzunları arasında onlarla tanınmış musiqiçinin adına rast gəlmək olar. Hazırda məktəbdə fortepiano, tar, kamança, skripka, qarmon, nağara, xoreoqrafiya və rəssamlıq ixtisasları üzrə 407 şagird təhsil alır. Məktəbin şagirdləri, musiqi və rəqs kollektivləri respublika səviyyəli müsabiqə və festivallarda həmişə uğurlu çıxışları ilə fərqlənib, mükafata layiq görülüblər.

Məktəbin direktoru Eldar Rəcəbovun rəhbərlik etdiyi “Zirvə” instrumental ansamblı öz dəsti-xətti ilə seçilir və respublikamızın tanınmış musiqi kollektivlərindən biri hesab olunur.

Yubiley tədbirində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Uşaq İncəsənət Məktəbinin 85 illik yubileyinin qeyd edilməsinin Şəkinin mədəni həyatında olduqca əlamətdar hadisə olduğunu bildirib, kollektivə gələcək fəaliyyətində yeni yaradıcılıq uğurları arzulayıb.

Şəki-Zaqatala Regional Mədəniyyət idarəsinin rəis əvəzi Nargilə Qafarova çıxış edərək kollektivi 85 illik yubileyi münasibəti ilə təbrik edib və uğurlar arzulayıb.

Sonra Şəki Şəhər Uşaq İncəsənət Məktəbinin musiqi və rəqs kollektivləri tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış ediblər.

Tədbirin sonunda 85 illik yubileyi ilə əlaqədar gənc nəslin estetik tərbiyəsində səmərəli fəaliyyətinə görə Şəki şəhər Uşaq İncəsənət məktəbinə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Şəki Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim edilib.