Ramiz Mehdiyev YAP-dan çıxarıldı - Təltiflərindən məhrum edilməsi təklif olundu

ramiz-mehdiyev-yap-dan-cixarildi
Oxunma sayı: 4016

Bu gün Yeni Azərbaycan Partiyası İdarə Heyətinin VIII qurultaydan sonra ilk iclası keçirilib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin adı yeni tərkibi formalaşdırılan Veteranlar Şurasında yer almayıb.

Yekunda isə Ramiz Mehdiyevin Yeni Azərbaycan Partiyasından çıxarılması ilə bağlı qərar qəbul edilib.

***

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov partiyanın İdarə Heyətinin VIII Qurultayda seçilmiş tərkibdə ilk iclasında bildirib ki, yerli təşkilatlar tərəfindən keçirilən müşavirələrdə bir sıra ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin partiya sıralarından xaric edilməsi və onun bütün dövlət təltiflərindən məhrum edilməsi tələbləri irəli sürülüb, yerli təşkilat sədrlərindən bu məsələnin partiya rəhbərliyi qarşısında qaldırılması xahiş olunub.

Qeyd edilib ki, çoxsaylı müraciətlər nəzərə alınaraq bu məsələ İdarə Heyətinin iclasına təqdim olunub.

YAP Sədrinin müavini Əli Əhmədov, İdarə Heyətinin üzvləri Elmar Qasımov, Eldar İbrahimov, Hikmət Məmmədov, Mübariz Qurbanlı, Bahar Muradova, Anar İsgəndərov, Musa Quliyev və Ziyafət Əsgərov çıxış edərək qatıldıqları müşavirə və digər tədbirlərdə bu məsələnin geniş ictimai rezonans doğurduğunun şahidi olduqlarını, dövlətə xəyanətə, hakimiyyəti qeyri-qanuni yollarla ələ keçirməyə və digər bir sıra cinayət əməllərinə görə təqsirləndirilən Ramiz Mehdiyevin Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunmağa artıq mənəvi-siyasi haqqının çatmadığını, onun partiya üzvlüyündən xaric olunmasına tərəfdar olduqlarını vurğulayıblar. Müzakirələrdən sonra Ramiz Ənvər oğlu Mehdiyevin Yeni Azərbaycan Partiyasının üzvlüyündən xaric olunması barədə yekdilliklə qərar qəbul olunub, onun bütün dövlət təltiflərindən məhrum edilməsi ilə bağlı aidiyyəti üzrə vəsatətin qaldırılması məqsədəuyğun hesab edilib.