Avstraliyada robot-tozsoranın partlaması Laçi Perrem adlı şəxsin bədəninin 75%-dək yanması ilə nəticələnib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb.
Partlayışdan sonra 25 yaşlı L.Perrem ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. O, artıq komadan ayılıb və indiyədək üç dəfə əməliyyat olunub. Həkimlər yanıq yaralarının müalicəsini və bədənin müəyyən hissələrində dəri köçürməsi həyata keçiriblər. Aldığı yanıq xəsarətləri səbəbindən gənc müvəqqəti olaraq səsini itirib, qarşıda isə onu daha bir neçə cərrahi müdaxilə gözləyir.
Laçinin anası Fiona Perrem oğlunun robot-tozsoranın nasazlığından xəbərsiz olduğunu söyləyib. Onun sözlərinə görə, hadisə tozsoranın akkumulyatorundakı sızma səbəbindən baş verib.
Qərbi Avstraliyanın Yanğın və Təcili Yardım Departamentinin məlumatına görə, robot-tozsoran və digər elektronika məhsullarında geniş istifadə olunan litium-ion akkumulyatorları nasazlıq halında son dərəcə təhlükəli ola bilər. Bildirilib ki, bu, batareyanın kəskin qızması, zəhərli, tezalışan və partlayıcı qazların atılması, həmçinin intensiv yanğınla müşayiət olunur. Bəzi hallarda bu, akkumulyator elementlərinin partlamasına da gətirib çıxarır.




Son xəbərlər
Son Xəbərlər