Şagirdlərinə verdiyi sözü tutan müəllim... - Fotolar

sagirdlerine-verdiyi-sozu-tutan-muellim
Oxunma sayı: 3512

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Qafqazinfo”nun “Qəhrəman müəllimlərimizi tanıyaq” layihəsi çərçivəsində oxuculara Vətən müharibəsi iştirakçısı olan müəllim Elşən Cəfərovun bioqrafiyasını təqdim edirik.

Vətən Müharibəsində şanlı zəfərin qazanılmasında iştirak edən, döyüş meydanındakı qəhrəmanlıqları ilə vətənpərvərlik dərsi keçən Elşən Balaşirin oğlu Cəfərov 1976-cı il avqustun 2-də anadan olub.

1994-cü ildə Cəlilabad şəhəri 2 nömrəli tam orta məktəbi bitirib. 1995-1999-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai hərbi hazırlıq və fiziki tərbiyə fakültəsində təhsil alıb. 1999-2000-ci illərdə Göytəpə şəhərində, 2000-2017-ci illərdə isə Cəlilabad şəhər 2 nömrəli tam orta məktəbdə Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri və fiziki tərbiyə fənnini tədris edib. Dərs dediyi müddətdə məktəbdaxili və məktəbdənkənar tədbirlərdə yaxından iştirak edib, bir çox diplom və fəxri fərmanlarla təltif olunub.

2002-2004-cü illərdə baş leytenant rütbəsində taqım komandiri, daha sonra bölük komandiri vəzifələrində hərbi xidmətini yerinə yetirib.

2017-ci ildən Bakı şəhəri 278 nömrəli tam orta məktəbdə fiziki tərbiyə müəllimi vəzifəsində çalışır.

İki övlad atası olan E.Cəfərov Vətən Müharibəsi başlayan kimi könüllü döyüş bölgəsinə yollanıb. Cəbrayıl və Qubadlı istiqamətlərində müxtəlif döyüş tapşırıqlarını yerinə yetirən zaman yaralansa da, mübarizəni davam etdirib. Vətən Müharibəsindəki nümunəvi xidmətinə və şücaətinə görə “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”  və “Vətən müharibəsi iştirakçısı” medallarına layiq görülüb.

Müharibə zamanı şagirdlərinin ona göndərdikləri məktublara cavabında torpaqlarımızın müdafiəsi üçün vermiş olduğu sözü tutduğuna görə böyük sevinc hissi yaşadığını deyən Elşən müəllim bundan sonra da ömrünü təhsilə, vətənpərvər gənclərin yetişdirilməsinə həsr edəcəyinə söz verir.