Şagirdlərinə Vətən sevgisi aşılayan qəhrəman müəllim - Fotolar

sagirdlerine-veten-sevgisi-asilayan-qehreman-muellim
Oxunma sayı: 1121

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Qafqazinfo”nun “Qəhrəman müəllimlərimizi tanıyaq” layihəsi çərçivəsində oxuculara Vətən müharibəsi zamanı xüsusi fəallığı ilə seçilən müəllim Səfxan Bayramovun bioqrafiyasını təqdim edirik.

Səfxan Cəfər oğlu Bayramov 1965-ci ildə anadan olub.

1982-ci ildə Tovuz rayonu M.Quliyev adına Şamlıq kənd tam orta məktəbini bitirib. 1982-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinə daxil olub. Hərbi xidmətini başa vurduqdan sonra 1989-cu ildə BDU-nun Biologiyaşünas, biologiya və kimya müəllimi, paralel olaraq hərbi kafedra üzrə Motoatıcı bölmələrdə tağım komandiri ixtisasları üzrə bitirib.

I Qarabağ Müharibəsi başlayan kimi ordu sıralarına qoşulan S.Bayramov Ağdam, Ağdərə, Zəngilan, Kəlbəcər və Füzuli istiqamətlərində müxtəlif döyüş tapşırıqlarını yerinə yetirib. Bundan əlavə, Cocuq Mərcanlı və Mehdili kəndləri istiqamətində gedən əməliyyatlarda yaralanan briqada komandirinin vəzifəsini icra edib.

İlk müəllimlik fəaliyyətinə 2014-2018-ci illərdə Daxili Qoşunların Ali Hərbi Məktəbində başlayan S. Bayramov 2018-ci ildən Bakı şəhəri 68 nömrəli tam orta məktəbdə Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsində çalışır.

Vətən Müharibəsi zamanı könüllü olaraq müraciət edən S. Bayramov şəxsi heyətin müvafiq qaydada hərbi hissələrə çatdırılmasında və qeydiyyata alınmasında yaxından iştirak edib.

S.Bayramov bir Müharibə Veteranı olaraq şagirdlərinə hər zaman Vətəni sevmək, Vətənə bağlılıq, vətənpərvərlik və milli qürur hissinin aşılanmasına səy göstərdiyini bildirir.