Şamaxıda Gənc Tibb İşçilərinin Konfransı keçirildi - Fotolar

samaxida-genc-tibb-iscilerinin-konfransi-kecirildi
Oxunma sayı: 252

Bu gün 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (ASİHİRK) təşkilatçılığı ilə Şamaxıda Dağlıq Şirvan İqtisadi rayonu üzrə Gənc Tibb İşçilərinin Konfransı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Şamaxı Rayon Mərkəzi Xəstəxanasının təşəbbüsü ilə keçirilən konfransın əsas məqsədi regionlarda çalışan gənc tibb işçilərinin peşəkar inkişafının dəstəklənməsi, onların hüquqi, psixoloji və karyera yönümlü biliklərinin artırılması, eyni zamanda gənc kadrların regionlara cəlb olunmasının təşviqidir. 

Tədbirdə Dağlıq Şirvan İqtisadi Rayonu üzrə Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayonlarından olan tibb müəssisələrindən tibb işiçiləri iştirak edib.

Konfrans Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayıb. Açılış mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, ASİHİ RK-nın sədri Elnara Muradova, Milli Məclisin deputatı Tamam Cəfərova, eləcə də dövlət və ictimai qurumların nümayəndələri çıxış ediblər. Çıxışlarda gənclərin ölkənin sosial-iqtisadi inkişafında rolu, səhiyyə sektorunda gənc kadrların potensialı və onların dəstəklənməsinin əhəmiyyəti vurğulanıb.

Konfrans çərçivəsində panel müzakirələrdə gənc tibb işçilərinin karyera planlaması, psixoloji rifahının qorunması, peşə fəaliyyətində hüquqi risklər, region xəstəxanalarında qarşılaşılan problemlər və davamlı məşğulluq məsələləri müzakirə olunub. Panellərdə tibb müəssisə rəhbəri, hüquqşünas, həkimlər və həmkarlar ittifaqı nümayəndələri iştirak ediblər.

Tədbirin sonunda gənc tibb işçiləri arasında intellektual yarış təşkil olunub. Yarışda iştirakçılar analitik düşünmə, klinik və etik yanaşma, eləcə də komanda işi bacarıqları üzrə biliklərini nümayiş etdiriblər. Qalib komandaya kubok və hədiyyələr təqdim edilib, bütün iştirakçılara isə sertifikatlar verilib.