Belə davam etsə, o, növbəti seçkidə biabırçı məğlubiyyətlə üzbəüz qalacaq!

bele-davam-etse-o-novbeti-seckide-biabirci-meglubiyyetle-uzbeuz-qalacaq
Oxunma sayı: 923

Əslində, biz Ermənistana, onun başbilənlərinə heç bir zaman güvənməməkdə, işimizi daim ehtiyatlı tutmaqda, kimlərinsə qərarlarına deyil, sadəcə öz gücümüzə inanmaqda haqlı olmuşuq.

Və bu gün baş verən proseslər, Paşinyanın həftədə 3 dəfə fikir dəyişməsi, gündəmin əsas mövzularından məqsədli şəkildə yayınması, sülhlə bağlı hətərəm-pətərəm açıqlamalar verməsi də bir daha sübut edir ki, hətta müharibədə üzləşdiyi ağır məğlubiyyətdən belə düzgün nəticə çıxara bilməyən qonşumuza sona qədər bel bağlamaq, onların iradəsindən, mövqeyindən asılı olan hansısa gedişata, icraata, perspektivə fokuslanmaq, ümidlənmək olmaz. Əsla və qəti şəkildə olmaz!

Hərgah, Ermənistanın hazırkı hakimiyyəti qulağına bir sıra həqiqətləri (eyni anda!) sırğa edib taxmağa məhkumdur;

Birincisi... Konstitusiyadakı dəyişikliklər, konkret olaraq Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəanın tez bir zamanda ana qanundan çıxarılması mütləqdir!

Yəni, gedin, ilk öncə Referendumunuzu keçirin və paraflanmış layihənin ən prioritet, ən vacib, ən prinsipial tələbini icra edin. Etməsəniz etdirəcəyik!

Necə?! – Növbəti “profilaktik” tədbirlərlə...

İkincisi... Əgər Paşinyan gözləyirsə ki, vaxt udsun və beləcə manevr imkanları qazansın, ya da nə bilim, bölgədə şərtlər Ermənistana sərf edən formada dəyişsin və bu da yeni güzəştlər imkanı əldə etsin – o zaman kökündən yanılır! Niyə? Çünki, regionda nə dəyişirsə dəyişsin, Azərbaycanın güclü mövqeyi və onun proseslərə diktə statusu heç zaman dəyişməyəcək. Daha aydın dildə desəm: İxtiyari güc sahibləri ilə (ələlxüsus, bəzi qonşu dövlətləri nəzərdə tuturam) münasibətimizin formasından, quruluşundan, trayektoriyasından asılı olmayaraq biz bizik! – Taleyini, idarəçiliyini, müstəqilliyini və özgüvənini kimsəyə təslim etməyən, etməyəcək Azərbaycan!

Aydından da aydın dildə desəm: Paşinyan fikirləşməsin ki, Türkiyə və ya hansısa qeyri-dövlətlə aramızda olan periodik soyuqluq ona əlavə dividentlər qazandıra bilər. Xeyr! Bu da mümkün deyil. Ona görə ki, biz nə diplomatik arenaya, nə də savaş meydanına kiməsə güvənərək, kimdənsə mədəd umaraq, kiminsə məsləhətini alaraq çıxmamışıq.

Hətta, yeri gələndə, bu dəqiqə özümüz məsləhət verməyə adam (dövlət) gəzirik!

Üçüncüsü... Paşinyan unutmasın ki, siyasi fəaliyyətlə bloqer fəaliyyəti tam fərqli və heç bir paraleldə uzlaşmayan sahələrdir. Yəni, ABŞ kimi fövqəldövlətin Prezidentinin qarşısında “kişi sözü” vermək, layihə paraflamaq, ciddi bir sənədə imza atıb öhdəlik götürmək tam başqa şeydir, avtobusda xəngəl yemək, səhnədə “udarnik” çalmaq, əl işarəsi ilə kiməsə “ürək” göndərmək isə tamam ayrı bir şey...

Nəhayət, dördüncüsü... Ermənistanın Baş Naziri və onun partiyası son seçkilərdə ona görə rahat qələbə qazandı ki, Paşinyan öz platformasını sülh gündəliyi ilə əhatələdi, yeni müharibəyə meylli olmadığını bəyanladı, qonşularla, əsas da Azərbaycanla münasibətlərin normallaşmasına tərəfdar olduğunu bildirdi. Qısası, erməni xalqı və erməni cəmiyyəti seçkidə Paşinyana səsi, əslində, elə həmin perspektivə, gözləntilərə inandığı üçün verib və Koçaryan, Sarkisyan kimi terrorçuları, qanqsterləri, revanşistləri də prosesdən məhz yeni intriqalar, müharibələr olmasın deyə uzaqlaşdırıb. Bu səbəbdən, əgər sülhlə bağlı verilən vədlər tutulmasa, həmin vədlərə əməl edilməsə, o zaman Ermənistanın Baş naziri hətta daxildə, öz vətəndaşının, seçicisinin qarşısında belə siyasi nüfuzunu, sosial dayaqlarını itirəcək və böyük ehtimalla növbəti seçkidə biabırçı məğlubiyyətlə üzbəüz qalacaq.

Odur ki, Paşinyan, papağınımı deyim, kepkasınımı deyim, velosiped sürərkən, hovuzda üzərkən başına taxdığı kauçuk örtüyünümü deyim.... – qarşısına qoysun və ciddi-ciddi düşünsün: Zaman daralır!

Və məsələ burasındadır, həmin daralmanın ən az sərf etdiyi və ən çox əleyhinə işlədiyi şəxs də məhz Nikolun özüdür!

Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri