“Sistem işləmirdi, 500 nəfər növbədə qalmışdıq” - Video

sistem-islemirdi-500-nefer-novbede-qalmisdiq
Oxunma sayı: 4283

“Nərimanov Tibb Mərkəzində səhər saat 9-dan sistem işləmir. Az qala, 500 nəfərə yaxın adam gəlib və növbədə gözləyirik”.

Bu şikayətlə “Qafqazinfo”ya noyabrın 20-də xəstəxanaya üz tutan bir neçə vətəndaş müraciət edib.

Onların sözlərinə görə, bu, tibb mərkəzində baş verən ilk belə hadisə deyil, daha əvvəllər də oxşar hal yaşanıb: “Yaşlısı, uşaqlısı, qazisi, əlili-hamısı yığılıb növbədə gözləyir. Hamı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə, İcbari Tibbi Sığortaya zəng edir. Ordan deyirlər, “bizlik deyil, sistemdəndir”. Laboratoriya və həkimlər nədənsə saat 12:00-a kimi işləyir. Yaxınlaşırsan deyirlər ki, “bu gün heç cür çatdırmayacaqsınız, vaxtımız yoxdur”. Qeydiyyat şöbəsində də qızlar kobud davranırlar. 4-5 saat işləyib gedirlər”. 

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “Xəstəxana məlumatlarının idarəetmə sistemi vətəndaşlara vaxtında və keyfiyyətli tibbi xidmət göstərmək üçün bir sıra dövlət qurumları ilə inteqrasiyalı şəkildə fəaliyyət göstərir. Proqram təminatını uğurla tətbiq edə bilmək üçün vaxtaşırı təkmilləşdirilmə işlərinə zərurət yaranır. Digər dövlət qurumlarının sistemində təkmilləşmə işləri aparıldığı üçün bir müddət xəstəxana məlumatlarının idarəetmə sistemində problemlər yaşanıb. Hazırda mövcud olan çətinliklər aradan qaldırılıb, təkmilləşmə və inteqrasiya işləri yekunlaşıb”.

Lamiyə Məmmədova