SPECA və Türk Geopolitik Regionu...

speca-ve-turk-geopolitik-regionu
Oxunma sayı: 1104

“1998-ci ildə BMT tərəfindən yaradılmış və fəaliyyətə başlamış SPECA proqpramı – Mərkəzi Asiya ölkələrində iqtisadiyyatın davamlı inkişafını və qarşılıqlı əlaqələrin gücləndirilməsini təşviq edən iqtisadi platformadır. Proqram çərçivəsində BMT Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızstan, Özbəkistan, Tacikistan və Əfqanıstan arasında iqtisadi əlaqələrin canlandırılmasına dəstək verilməsi məqsədilə qarşılıqlı təcrübə mübadiləsinin təşkilini həyata keçirir, mümkün əməkdaşlıq modellərini araşdırır və təşviq edir. Bu proqramda SPECA üzv ölkələrini əhatə edən region daxilində qarşılıqlı iqtisadi bağlantıların yaradılması üçün nəqliyyat-logistika və sərmayə yatırımları imkanlarının araşdırılması ilə bağlı müvafiq layihələrin işlənib hazırlanması və müzakirəyə çıxarılması ilə yanaşı ölkələr arasında mədəni-humanitar əlaqələrin canlandırılması və regional inteqrasiya meyllərinin həvəsləndirilməsi də nəzərdə tutulur. SPECA Proqramı 1998-2030-cu illəri əhatə edir. İqtisadi inteqrativ layihələrə yol açılması və bu proseslərin dəstəklənməsi baxımından Proqramın faydalılığı heç bir şübhə doğurmur”​.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Cavanşir Feyziyev söyləyib.

Onun sözlərinə görə, bu dəstək yalnız texniki-metodik xarakter daşıyır, inteqrasiya proseslərini hərəkətə gətirə biləcək layihələrin maliyyələşdirilməsi və reallaşdırılması isə üzv dövlətlərin özləri tərəfindən həyata keçirilir: “Buna baxmayaraq inteqrasiya proseslərinin iqtisadi əsaslarının tədqiqi, iqtisadi dəyərləndirilməsi və perspektivlərin aşkarlanması baxımından SPECA olduqca faydalı bir layihədir. Prezident İlham Əliyevin Azərbaycanda keçirilən SPECA həftəsi çərçivəsində “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərginin açılışında iştirakı da ölkəmizin bu proqrama verdiyi əhəmiyyətin göstəricisidrir. Prezident İlham Əliyev “Azərxalça” ASC tərəfindən hazırlanan “Bizi birləşdirən dəyər” adlı instalyasiyanın açılışını edib. Bu instalyasiya SPECA ölkələrinin əməkdaşlıq əlaqələrini əks etdirir və bu mərasim sərginin açılışını simvolizə edir.

Dövlət başçısı Azərbaycanın və digər SPECA üzv ölkələrinin Milli Stendləri ilə tanış olub. Sərgidə nümayiş etdirilən Azərbaycan Milli Stendi iqtisadi inkişaf, sənaye, kənd təsərrüfatı, rəqəmsal inkişaf və innovasiyalar, nəqliyyat infrastrukturu və tranzit, energetika, müdafiə sənayesi, turizm, işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı kimi istiqamətləri əhatə edir. Burada Azərbaycanın 33 şirkətinin istehsal etdiyi spirtli içkilər, meyvə şirələri, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları, qurudulmuş meyvələr, süd məhsulları, kosmetik vasitə çeşidləri və “ABAD”çı sənətkarların hazırladıqları əl işləri təqdim olunur”.

O bildirib ki, bütün bunlarla yanaşı SPECA – nın daha bir özəlliyi ondan ibarətdir ki, bu proqram əsasən türk geo-politik regionunu əhatə edir və nəticə etibarilə həm də bizim Türk Dövlətləri Təşkilatı çərçivəsində başlatdığımız inteqrasiya təşəbbüslərinə dəstək rolunu oynayır: “Son dövrlər türk dövlət başçılarının artan qarşılıqlı səfərləri ölkələrimiz arasında iqtisadi əməkdaşlığın ikitərəfli və çoxtərəfli formatda inkişafını gücləndirir. Hər bir tük dövlətinin milli maraqları və eləcə də bu regionun beynəlxalq arenada artmaqda olan nüfuzu ölkələrimizin sıx əməkdaşlığını zəruri və labüd edir. Bu baxımdan SPECA çərçivəsində əməkdaşlığımız da regional miqyasda əməkdaşlığın inkişafı üçün münbit zəmin yaradır.

Türkiyə və Azərbaycanla birlikdə vahid türk geo-politik regionunu təşkil edən Mərkəzi Asiya ölkələri Avrasiyanın coğrafi mərkəzində vahid türk siyasi platformasının ərsəyə gətirilməsində mühüm rol oyanayan aktorlardır. Mərkəzi Avrasiyanın Türk regionu özünün iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik vahid tarixi-mədəni və coğrafi regiondur. Son illərdə regionun türk dövlətləri arasında intensivləşən siyasi-iqtisadi əlaqələr Türk dünyası çərçivəsində siyasi-iqtisadi, hərbi-texniki, mədəni-humanitar inteqrasiya proseslərini sürətləndirməkdədir. Bu proseslər bizi addım-addım əsrlər boyu arzuladığımız beynəlxalq siyasət müstəvisində vahid platformanı oluşduran böyük türk birliyinə yaxınlaşdırır. Bu birliyin məramı isə türk geopolitik regionunu Avrasiyanın siyasi- hərbi güc mərkəzlərindən birinə çevrilməsini təmin etməkdir”.