Stadiondan uçan top yolda qəzaya səbəb oldu - Fotolar - Video

stadiondan-ucan-top-yolda-qezaya-sebeb-oldu
Oxunma sayı: 1022

Uruqvayın ikinci divizionunda keçirilən futbol matçında qeyri-adi hadisə olub.

“Qafqazinfo” xəbər verir ki, stadiondan kənara çıxan top magistral yolda qəza ilə nəticələnib.

Hadisə avqustun 8-də Montevideo şəhərindəki “Parque ANCAP” stadionunda keçirilən “Uruqvay Montevideo” – “Paysandu” qarşılaşması zamanı baş verib.

Matçın gedişində futbolçulardan birinin güclü zərbəsi nəticəsində top stadiondan kənara uçaraq yaxınlıqdakı magistral yola düşüb. Həmin vaxt yolda hərəkətdə olan avtomobillərdən birinin sürücüsü qəfil qarşısına çıxan topa görə əyləci basıb.

Arxadan gələn digər avtomobil isə vaxtında dayana bilməyərək qarşıdakı nəqliyyat vasitəsinə çırpılıb.

Qəribə qəza matçın yayımı zamanı lentə alınıb və görüntülər qısa müddətdə sosial şəbəkələrdə yayılaraq böyük maraq doğurub.

 “Uruqvay Montevideo” qarşılaşmada “Paysandu”nu 1:0 hesabı ilə məğlub edib.