Stolüstü tennisçimiz Azərbaycan idmanında ilkə imza atdı - Fotolar

stolustu-tenniscimiz-azerbaycan-idmaninda-ilke-imza-atdi
Oxunma sayı: 830

Stolüstü tennisçi Onur Quluzadə yeniyetmələr arasında Avropa çempionatında yüksək nəticə qazanıb.

“Qafqazinfo” xəbər verir ki, Portuqaliyanın Qondomar şəhərində keçirilən yarışın U15 yaş qrupunda qoşa növdə türkiyəli həmkarı Görkəm Öçalla birlikdə mübarizə aparan Onur, yarımfinal mərhələsinə yüksəlməklə bürunc mükafata layiq görulüb.

İstedadlı idmançı bununla, müstəqillik dövründə bu uğura imza atan ilk azərbaycanlı stolüstü tennisçi olub.

Qeyd edək ki, Onur Quluzadə - Görkəm Öçal cütü 1/2 final görüşündə, yarışın qalibi olan Luis Fegerli və Ladimir Mayorovdan ibarət Avstriya-İspaniya tandeminə uduzaraq Avropa birinciliyində mübarizəni bürünc medalla başa vurub.

Seçmə komandanın üzvləri bu gün Vətənə qayıdıblar. Heydər Əliyev Beynəlxalq Aeroportunda onları Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) üzvləri, media nümayəndələri və idmançıların doğmaları qarşılayıblar. Yarışla bağlı təəssüratlarını bölüşən Avropa çempionatının mükafatçısı Onur Quluzadə ilə milli komandanın baş məşqçisi Mixail Timofeyev əldə olunan nəticənin gərgin məşqlərdə çəkilən zəhmətin bəhrəsi olduğunu bildirib.

Yaradılan şəraitə və göstərilən dəstəyə görə Azərbaycan Gənclər və İdman Nazirliyinə və ASTF-yə təşəkkürünü bildirən federasiyanın baş katibi Könül Mikayılova, qazanılan uğurla kifayətlənməyəcəklərini və idmansevərləri yaxın gələcəkdə daha böyük nailiyyətlərlə sevindirəcəklərinə ümid bəslədiyini bildirib.