“Süni intellektdir” dedilər, üzən ada kəşf edildi - Foto

suni-intellektdir-dediler-uzen-ada-kesf-edildi
Oxunma sayı: 468

Kanadanın Britaniya Kolumbiyası əyalətində yerləşən Uilliston gölündə üzərində canlı ağaclar və bitkilər olan qeyri-adi üzən quru sahəsi aşkar edilib.

“Qafqazinfo” xəbər verir ki, yerli sakin Roki Avery qayıqla Uilliston gölündə hərəkət edərkən suyun üzərində sərbəst şəkildə üzən, üzəri yaşıl ağac və bitkilərlə örtülmüş nəhəng kütlə görüb və görüntüləri lentə alıb.

Sosial şəbəkələrdə yayılan görüntülər qısa müddətdə böyük maraq doğurub. Əvvəlcə bəzi istifadəçilər görüntülərin süni intellektlə hazırlandığını düşünsələr də, sonradan peyk görüntüləri bu qeyri-adi obyektin, həqiqətən, mövcud olduğunu təsdiqləyib.

Avropa Kosmik Agentliyinin “Sentinel-2” peykindən əldə edilən görüntülərdə iyul ayında U.A.K. Bennett bəndindən təxminən 100 kilometr qərbdə hərəkət edən kiçik, yaşıl adacıq aydın şəkildə görünüb.

Bir müddət gözdən itən üzən kütlə avqustun sonunda gölə tökülən Ospika çayının yaxınlığında yenidən müşahidə edilib.

Bildirilir ki, bu struktur klassik mənada ada deyil. Daha çox üzəri sıx bitki örtüyü ilə örtülmüş nəhəng sala bənzəyir.

Onun kökləri bir-birinə bağlı üzvi torpaq və bitki təbəqəsindən formalaşmış ola bilər. Bənd rəsmiləri bildiriblər ki, Uilliston gölü 14 ildən sonra ilk dəfə tam güc səviyyəsinə çatıb.

Ehtimal olunur ki, suyun səviyyəsinin kəskin yüksəlməsi illər ərzində sahilboyu ərazidə formalaşan bitki və torpaq təbəqəsini sahildən qopararaq gölə sürükləyib.

Hazırda üzən adanın ərazidəki su elektrik stansiyası üçün təhlükə yaratmadığı bildirilir. Kütlə Uilliston gölündə hərəkətini davam etdirir.