“Super Yer” kəşf edildi

super-yer-kesf-edildi
Oxunma sayı: 1263

Astronomlar Günəş sisteminə yaxın məsafədə yerləşən və həyat üçün əlverişli şəraitə malik ola biləcək yeni “super Yer” tipli ekzoplanet aşkar ediblər.

“Qafqazinfo” xəbər verir ki, təxminən 25 işıq ili uzaqlıqda yerləşən GJ 3378b planetində suyun mövcudluğu mümkündür.

Araşdırmalara əsasən, planet GJ 3378 adlı qırmızı cırtdan ulduzun ətrafında dövr edir. Son müşahidələr onun əvvəlki hesablamalardan daha çox Yerə bənzər xüsusiyyətlərə malik olduğunu göstərib.

Alimlər bildirirlər ki, Süd Yolunun təxminən 100 min işıq ili diametrə malik olduğunu nəzərə alsaq, 25 işıq ili məsafədə yerləşən GJ 3378b kosmik miqyasda Yerin yaxın qonşularından hesab olunur.

Planet Yerdən böyük olsa da, qaz nəhəngi deyil, qayalı quruluşa malik olduğu üçün “super Yer” sinfinə aid edilir. Kaliforniya Universitetinin astronomu Pol Robertsonun rəhbərlik etdiyi tədqiqat qrupu GJ 3378b-ni Günəş sisteminin yaxınlığında aşkar edilmiş ən perspektivli Yerəbənzər ekzoplanetlərdən biri kimi qiymətləndirir.

Müşahidələr göstərir ki, GJ 3378b öz ulduzu ətrafında dövrəsini 21,4 günə tamamlayır və yaşayış zonasında yerləşir. Bu zona planetdə suyun mövcud ola bilməsi üçün ən əlverişli məsafə hesab olunur. Qırmızı cırtdan ulduz Günəşdən daha sərin olduğuna görə, yaşayış zonası da ulduza daha yaxın yerləşir.

Hesablamalara görə, planetin aldığı radiasiya Yerin Günəşdən aldığı enerjinin təxminən 90 faizinə bərabərdir ki, bu da həyat üçün əlverişli şərait yarada bilər.

Tədqiqat zamanı planetin kütləsi ilə bağlı əvvəlki hesablamalara da düzəliş edilib. Əvvəlcə Yerin kütləsindən 5,3 dəfə böyük olduğu düşünülən GJ 3378b-nin, əslində, Yerin kütləsindən təxminən 2,3 dəfə ağır olduğu müəyyənləşib. Bu nəticə onun qalın qaz təbəqəsinə malik planet deyil, qayalı səthə sahib olma ehtimalını daha da gücləndirir.

Buna baxmayaraq, alimlər planetdə həyatın mövcudluğunu təsdiqləməyin hələ mümkün olmadığını bildirirlər. GJ 3378b-nin atmosferinin olub-olmaması məlum deyil. Qırmızı cırtdan ulduzların yüksək fəallığı və güclü partlayışları yaxınlıqdakı planetlərin atmosferini məhv edə bilər.

Alimlər hesab edirlər ki, GJ 3378b gələcəkdə həyat izlərinin axtarışı üçün ən perspektivli ekzoplanetlərdən biri olacaq.