Məşhur Peru nasiri, drammaturqu və publisisti, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Mario Varqas Lyosanın “Qadağan etmək qadağandır” adlı essesində Fransa məktəblərindəki xaos azadlığı haqqındaydı.
Bu esse adını 60-cı illərin sonunda Fransa məktəblərində varlı balalarının qaldırdığı üsyanın şüarlarından birindən almışdı: “Qadağan etmək qadağandır”.
Əslində zorakılıq azadlığını üstün paradiqma kimi görürdülər. Bunun da anlamı odur ki, artıq qurulmuş və işləyən sistemi istədikləri kimi qırsınlar, dağıtsınlar. Və bunu - qırmağı, dağıtmağı heç kim onlara qadağan etməsin. Bir sözlə, istədikləri xaosu yaratsınlar, kimsə də onlara “gözün üstə qaşın var” deyə bilməsin. Çünki xaos yaratmağa... icazə verilsin”.
Bax, hazırda Qərbin, daha doğrusu, ABŞ-nin, Fransanın və başqa dövlətlərin Azərbaycana qarşı tutduğu mövqe, sərgilədiyi davranış Lyosanın o haqqında yazdığı varlı balalarının təlqin, daha doğrusu, tətbiq etməyə çalışdığı paradiqmadır. Anlamı budur: vuraq, qıraq, dağıdaq, heç kimin də qanunla etiraz etməyə, əks tədbir görməyə, müqavimət göstərməyə hüququ, səlahiyyəti, ixtiyarı olmasın. Bu, tam bir nihilizm, anarxiya modelini gətirmək istəyidir.
Mən AbzasMedia, Kanal13 və başqa bu kimi xaricdən qanunsuz olaraq maliyyələşən və buna görə cəzalandırılan quruluşlarla bağlı əvvəlki yazımda bu məsələyə dair fikrimi belə açıqlamışam:
... “geosiyasi səlibçilər” Homerin “İlliada” poemasını diqqətlə oxuyublar, İtaki çarı Odisseyin hiyləgər planının detallarını dərindən öyrəniblər. Yunanlar Troya şəhərini necə ələ keçirmişdilər, antik tarixdən bilirsiniz. “Troya atı” ifadəsi hər kəsə tanışdır. Zamanımızda “Troya atı” xaricdən gizlicə maliyyələşən ictimai-siyasi strukturlardır. “Troya atı” hiyləsiylə gələrlər. İnsanları qızışdırıb öz hökumətlərinin üstünə göndərərlər, uğur olsa, uğura sahib çıxarlar, uğursuzluq olsa, üz çevirib gedərlər; bir-iki “qəzəbli” bəyanatla, təsəlli mesajları ilə söhbətin başını bağlayarlar. O qədər!”
Ancaq məsələ indi daha mürəkkəbdir; Cənubi Qafqaz, xüsusilə, Azərbaycan ətrafında geosiyasi durumu qəlizləşdirənlərin məqsədi axı təkcə hökumətlə bağlı deyil, həm də bütövlükdə ölkənin varlığına, təhlükəsiz gələcəyinə təhdidlə bağlıdır.
Dünyanın hər yerində - Şimali Amerikadan Cənubi Asiyaya, Qərbi Avrpodan Şərqi Afrikaya qədər harda qanun varsa, orda qadağanedici normalar var. Hüquq fəlsəfəsinin əsas sütunlarından biri bu düşüncə və davranış modelidir: qanunla qadağan olunmayan hər şeyə icazə var. O zaman qanunla qadağan olunanları niyə icazəli sayaq ki?! Bizə xaricdən təlqin, hətta bəlkə təkid olunur ki, biz öz qanunlarımızla öz vətəndaşlarımıza qadağan etdiklərimizi, məsələn, ABŞ-ın və Fransanın istəkləri ilə kimlərəsə icazə verək. Konkret olaraq, vətəndaş cəmiyyətinin, medianın xaricdən maliyyələşməsini reqlamentləşdirməyək, yaxud adını çəkdiyimiz dövlətlərin, kəşfiyyatların, fondların Azərbaycandakı “adamları”na münasibətdə reqlamentə, qanunun qadağanedici normalarına əhəmiyyət verməyək, göz yumaq və sair. Türkiyədə uzun müddət Qərbdən qidalanan koalisiya hökumətləri dönəmində bu cür paralel şəbəkələşməyə, ictimai təsir agenturasına meydan verilmişdi, göz yumulurdu. Nəticəsi də məlumdur; ölkədə az qala paralel ordu, paralel məhkəmə, paralel dövlət institutlaşması, xaricdən idarə olunan QHT və media şəbəkələşməsi yaranmışdı. Bu da ölkədə siyasi və ictimai sabitsizliyə, terrorçuluğun intişarına, nüfuz alverinin vüsət almasına və sair mənfi meyllərin və təhlükəli reallıqların yaranmasına səbəb olmuşdu. Ancaq son 20 ildə Türkiyə bu antisistem şəbəkələşməsini dağıtdı. Qərbin, konkret olaraq, ABŞ və Fransa kimi dövlətlərin Türkiyəyə pressinqi də buna görə artdı. Eyni əməlləri Azərbaycana qarşı törədirlər; QHT və media adına bir qism təsir agenturasını xaricdə maliyyələşdirib saxlayırlar, bir qismini də bacardıqları qədər ölkənin öz içində. Bu da azmış kimi, Qərbin özünün irili-xırdalı əksər media platformaları sürü ilə Azərbaycanın, Azərbaycan dövlətinin, dövlət başçısının üzərinə tökülüşüb.
“Vaşinqton Post”un son məqaləsi, Fransa mediasındakı antiAzərbaycan xoru da bununla bağlıdır. Həmin adlarını çəkdiyim dövlətlərin təbliğat maşını gecə-gündüz iki tezisi fırladır: birincisi, guya Azərbaycan Ermənistana bu gün-sabah hücum edəcək; ikincisi isə, guya Azərbaycanda elə bir dözülməz daxili vəziyyət hökm sürür ki, Qarabağdan köçmüş erməniəsilli şəxslərin qayıdıb Azərbaycanın tərkibində yaşaması sanki mümkün deyil.
Birinci tezisin hədəfi odur ki, Ermənistan dövləti, cəmiyyəti qorxub, Qərbin himayəsinə sığınsın, ölkə Qərbdən daha çox silah almaq zorunda qalsın, öz inkişafını və təhlükəsizliyini normal qonşuluq və tərəfdaşlıq müstəvisində deyil, ABŞ və Fransa kimi dövlətlərin “qucağında” axtarsın. İkinci tezislə isə həmin dövlətlər Qarabağdan öz xoşu ilə çıxıb getmiş erməni icmasından "qaçqınlar ordusu" düzəldib, onların Qarabağa geri qayıtmasını tələb etsin, bu zaman Xankəndidən, Ağdərədən, Əskərandan və sair bölgələrimizdən Azərbaycan ordusunun çəkilməsi məsələsini qoysun. BMT Təhlükəsizlik Şurasında məsələ qaldıranda veto qoyan olmasın deyə daxili və beynəlxalq ictimai rəy formalaşdırmağa çalışır, ABŞ və Fransa. Nəticədə ermənilər Qarabağa bu şərtlə qayıtsın ki, Azərbaycan həmin torpaqlar üzərindəki suverenliyindən faktik olaraq imtina etsin.
ABŞ və Fransa kimi dövlətlər məhz Azərbaycanın daxilində saxladıqları qurumlar vasitəsilə məhz bu məqsədə nail olmaq istəyirlər. Ona görə də qəti əminliyim var ki, ABŞ, eləcə də, Fransa və sair dövlətlər Azərbaycana qarşı yuxarıda sadaladığım məqsədlərlə basqını artırdıqca, Azərbaycan dövləti də təbii, reflektiv olaraq, həmin xarici dairələrin ölkənin içindəki şəbəkələrini vurub dağıdacaq. Bu səbıbdən, biz hər nə qədər gənc insanların həbsindən üzülsək də, məlum xarici güclərin bütövlükdə ölkəmizin müstəqil varlığını təhdid edən məqsədləri fonunda dövlətin atdığı addımların doğru məntiqini anlamalıyıq. Heç bir dövlət öz vətəndaşlarını həbsə atmaqdan məmnun deyil; buna məcburdur. Əks halda, biz Lyosanın yazdığı essedəki kimi, qadağan etməyi qadağan etməli olacağıq. Bu isə sonu bilinməyən fəlakətlərə yol açacaq xaos deməkdir. Mən bir vətəndaş olaraq, xaos istəmirəm və dövlətin bu məsələrlə bağlı doğru olaraq verdiyi qərarların yanındayam.
Bahəddin Həzi, Bizimyol.info