Tədris etdiklərini təcrübədə yaşayan müəllim - Fotolar

tedris-etdiklerini-tecrubede-yasayan-muellim
Oxunma sayı: 1575

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Qafqazinfo”nun “Qəhrəman müəllimlərimizi tanıyaq” layihəsi çərçivəsində oxuculara Vətən Müharibəsi iştirakçısı olan müəllim İslam Zeynalovun bioqrafiyasını təqdim edirik:

Vətən Müharibəsində şanlı zəfərin qazanılmasında iştirak edən, döyüş meydanındakı qəhrəmanlıqları ilə vətənpərvərlik dərsi keçən İslam Zeynal oğlu Zeynalov 1980-ci ildə anadan olub.

1987-ci ildə Bakı şəhəri 176 nömrəli tam orta məktəbə gedən İ.Zeynalov 1994-cü ildən təhsilini Cəmşid Naxçıvanski adına Hərbi Liseydə davam etdirib. 1997-2001-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini başa vurduqdan sonra leytenant rütbəsi ilə ordu sıralarında xidmət edib.

Həyatının müəyyən bir dövrünü hərbi xidmətə həsr edən İ.Zeynalov 2015-ci ildən 327 nömrəli tam orta məktəbdə Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsində çalışır.

Vətən Müharibəsi başlayan kimi könüllü olaraq cəbhə bölgəsinə yollanan İ.Zeynalov Xocavənd, Qubadlı və Zəngilan istiqamətlərində gedən döyüşlərdə iştirak edərək yaralanıb. Vətən Müharibəsindəki şücaətinə görə o, “Qubadlının azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Tədris etdiklərini təcrübədə yaşayan, yaşadıqlarını isə şagirdlərinə aşılayan İ.Zeynalov Vətən Müharibəsində iştirak etməklə həyatında və müəllimlik fəaliyyətində ən yüksək zirvəyə yüksəldiyini bildirir.