Tələbə futzal komandamızdan Avropa Universitet Oyunlarında uğurlu nəticə - Fotolar

telebe-futzal-komandamizdan-avropa-universitet-oyunlarinda-ugurlu-netice
Oxunma sayı: 231

15-25 iyulda İtaliyanın Salerno şəhərində keçirilən və Avropa Universitet İdmanı Assosiasiyası (EUSA) tərəfindən təşkil olunan Avropa Universitet Oyunlarında ölkəmiz stolüstü tennis və futzal üzrə təmsil olunub.

“Qafqazinfo” xəbər verir ki, futzal yarışlarında ölkəmizi Azərbaycan Tələbə Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən Azərbaycan Tələbə Liqasının 2025/2026 mövsümünün qalibi Azərbaycan İdman Akademiyasının komandası təmsil edib.

Komandamız yarış ərzində güclü İspaniya, Norveç, Portuqaliya komandalarını məğlub edərək final mərhələsinə yüksəlib və turniri ikinci yerdə başa vurub. Yarışın yekununda komandamızın üzvü Ədalət Ələkbərov turnirin simvolik ən yaxşı beşliyinə seçilib.

Qeyd edək ki, Azərbaycan İdman Akademiyasının komandası Avropa Universitet İdmanı Assosiasiyasının (EUSA) təşkil etdiyi yarışlarda ötən il Avropa çempionu adına layiq görülüb. Bu il isə ardıcıl ikinci dəfə finala yüksələrək turniri ikinci yerdə başa vurub və ölkəmizi uğurla təmsil edib.

Azərbaycan İdman Akademiyasının komandasının Avropa Universitet Oyunlarında iştirakı Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının və Azərbaycan İdman Akademiyasının dəstəyi ilə təmin olunub.