Xırdalan şəhəri Həsən Əliyev küçəsində yol örtüyünün bərbad vəziyyətdə olması sürücülərə çətin anlar yaşadır.
“Qafqazinfo” xəbər verir ki, sakinlərin sözlərinə görə, havaların normal keçməsinə baxmayaraq yol daim suyun içindədir.
Sürücülər isə yoldan keçməkdə böyük çətinliklə üzləşirlər.
“Qoxudan ərazidə dayanmaq mümkün deyil. Yolların bu vəziyyətdə olması hər dəfə avtomobillərimizə ciddi ziyan vurur. Dərdimizi kimə deyəcəyimizi bilmirik. Yağış yağsa da, yağmasa da, yol hər zaman belədir. İndi yağış yağmır, bu 100 faiz kanalizasiyanın suyudur. İyindən də görürsünüz”, – deyə sakinlərdən biri narazılığını ifadə edib.
“Vəziyyət çox bərbaddır. Hər gün eyni mənzərə ilə qarşılaşırıq. Tıxacın sonu görünmür, hər kəs dayanıb gözləyir, amma problemlə maraqlanan, yolu düzəldən yoxdur. Biz nə vaxta qədər belə yaşamalıyıq?! Artıq bu vəziyyətdən bezmişik”, - digər bir vətəndaş bildirib.
Abşeron Rayon İcra Hakimiyyətinin Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən bildirilib ki, sözügedən küçədə bu ilin əvvəlində cari təmir işləri həyata keçirilib:
“Lakin yağan sonuncu intensiv yağışlardan sonra həmin küçənin bir neçə yerindən qrunt sularının aktiv şəkildə fəallaşması müşahidə olunub. Bu səbəbdən də küçənin müəyyən hissələrində yol qatının yuyulması baş verib, ərazidə müxtəlifölçülü kiçik çalalar əmələ gəlib. Bu barədə aidiyyəti quruma məlumat verilib və yaxın günlərdə işlər başlayacaq”.
Nümayəndəlikdən o da qeyd olunub ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bilgəh–Novxanı–Sumqayıt yolu istiqamətində tikilən avtomobil yolunun tərkib hissəsi olan Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi də davam edir:
“Həsən Əliyev küçəsi də bu layihəyə daxildir. Ona görə sözügedən küçənin əsaslı təmiri məqsədəuyğun hesab olunmur. Belə ki, 2026–2027-ci illər ərzində həmin yolun yeni, müasir standartlara uyğun formada sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub. Buna baxmayaraq, yaxın günlərdə Həsən Əliyev küçəsində yenidən cari təmir işləri aparılacaq”.
Daha ətraflı “Baku TV”nin süjetində:
Son xəbərlər
Son Xəbərlər