“Torpaqlarımızı gözbəbəyi kimi qorumağı gələcək nəsillərə aşılayıram”

torpaqlarimizi-gozbebeyi-kimi-qorumagi-gelecek-nesillere-asilayiram
Oxunma sayı: 1660

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Qafqazinfo”nun “Qəhrəman müəllimlərimizi tanıyaq” layihəsi çərçivəsində oxuculara Vətən müharibəsi iştirakçısı olan müəllim Səbuhi Səmədovun bioqrafiyasını təqdim edirik.

Vətən Müharibəsində şanlı zəfərin qazanılmasında iştirak edən, döyüş meydanındakı qəhrəmanlıqları ilə vətənpərvərlik dərsi keçən Səbuhi Mənəf oğlu Səmədov 1975-ci ildə anadan olub.

1991-ci ildə Bərdə rayon Qaradırnaq kənd N.Malıyev adına tam orta məktəbini bitirib. 1993-1997-ci illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində təhsil alıb. 1997-ci ildə leytenant, 2000-ci ildə baş leytenant, 2004-cü ildə kapitan, 2014-cü ildə isə mayor rütbəsini alıb.

22 illik qüsursuz hərbi xidmət keçən S.Səmədov bir sıra təltiflərə layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Qüsursuz xidmətə görə” III dərəcəli medal, “Qüsursuz xidmətə görə” II dərəcəli medal və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi” yubiley medalları ilə təltif olunub.

2017-ci ildən Bakı şəhəri 300 nömrəli tam orta məktəbdə Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsində çalışır. 2019-cu ildə məktəbin əsaslı təmirdən sonra açılışı zamanı ölkə Prezidenti cənab İlham Əliyevin onun dərs dediyi sinifdə olmasını sonsuz sevinc və iftixar hissi ilə xatırlayır.

Vətən Müharibəsi başlayan kimi könüllü səfərbərliyə yazılan S.Səmədov maddi- texniki təminat üzrə komandir müavini vəzifəsində döyüşlərə qatılıb. O, Füzuli, Cəbrayıl, Qubadlı rayonlarının və Xocavəndin bir neçə kəndinin işğaldan azad olunması əməliyyatlarında böyük şücaət göstərərək “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli, “Vətən uğrunda” və “Vətən müharibəsi iştirakçısı” medallarına layiq görülüb.

Azərbaycanın haqq savaşında düşmənə layiqli dərs keçən S.Səmədov bundan sonra da vətənpərvər olmağı, torpaqlarımızı gözbəbəyi kimi qorumağı gələcək nəsillərə aşılamağı müqəddəs amal olaraq qəbul etdiyini vurğulayır.