Toylarında milyonlarla dollarlıq “Ferrari” ilə gəzdilər - Video

toylarinda-milyonlarla-dollarliq-ferrari-ile-gezdiler
Oxunma sayı: 1073

“Ferrari”nin ulduz pilotu Şarl Lekler uzun müddətdir münasibətdə olduğu Aleksandra Sent Mle ilə ailə həyatı qurub.

“Qafqazinfo” xəbər verir ki, cütlük fevralın 28-də Monakoda ailə üzvləri və yaxın dostlarının iştirakı ilə nikah masasına əyləşib.

Mərasim Monako meriyasında tam məxfi şəraitdə baş tutub. Lekler toy xəbərini yalnız bu gün instaqram hesabında paylaşdığı vintaj üslublu kadrlarla təsdiqləyib.

Toyun ən maraqlı məqamlarından biri cütlüyün mərasimdən sonra nadir tapılan, milyonlarla dollar dəyəri olan “Ferrari 250 Testa Rossa” avtomobili ilə şəhər gəzintisinə çıxması olub. Həmçinin ulduz pilotun “Leo” adlı iti də smokin geyinərək toyun baş qəhrəmanlarından birinə çevrilib. Pilot sözügedən mərasimin hələ “birinci hissə” olduğunu, böyük toyun isə gələn il keçiriləcəyini qeyd edib.

Xatırladaq ki, cütlük ötən ilin noyabrında nişanlanmışdı. Hazırda Lekler bal ayına vaxt ayırmadan bir neçə gündən sonra Melburnda keçiriləcək “2026 Formula 1” mövsümünün açılış yarışı üçün Avstraliyaya yola düşməyə hazırlaşır.

Məlumat üçün bildirək ki, Leklerin toyundan paylaşdığı kadrlar instaqramda 4 milyondan çox bəyənmə toplayıb.