ABŞ Prezidenti Donald Trampın bəzi müşavirləri ona İranla münaqişədən tez çıxış yolu tapmaqla bağlı çağırış ediblər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Wall Street Journal” qəzeti məlumat yayıb.
“Dövlət başçısının bəzi müşavirləri neft qiymətlərinin kəskin artması və uzunmüddətli münaqişənin siyasi reaksiyaya səbəb ola biləcəyi narahatlıqları fonunda onu münaqişədən çıxış planı axtarmağa çağırıblar”, - nəşr iddia edir.
Bununla yanaşı, Tramp administrasiyasının bəzi nümayəndələri qəzetə bildiriblər ki, Tehranın Yaxın Şərq ölkələrinə hücumlara davam etdiyi, İsrailin isə hələ də İrandakı hədəflərə zərbələr endirdiyi bir zamanda ABŞ-nin münaqişədən asanlıqla çıxmaq ehtimalı çox azdır.
Məlumatlı mənbələrin sözlərinə görə, ABŞ Prezidenti onu qane edən qələbəyə nail olmayana qədər müharibəni dayandırmayacaq. Bununla belə, iddia olunur ki, endirilən zərbələrə rəğmən İranın ABŞ və İsrailin tələblərinə uyğunlaşmaq istəməməsi Ağ Evin sahibinin təəccübünə səbəb olub.
Qeyd edək ki, daha əvvəl Tramp ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının yaxın zamanda başa çatacağını bəyan edib.
Son xəbərlər
Son Xəbərlər