“Vətən Müharibəsinin iştirakçısı olmaq sonsuz xoşbəxtlikdir...” - Fotolar

“Vətən Müharibəsinin iştirakçısı olmaq sonsuz xoşbəxtlikdir...”
Oxunma sayı: 2286

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və "Qafqazinfo"nun “Qəhrəman müəllimlərimizi tanıyaq” layihəsi çərçivəsində oxuculara Vətən müharibəsində iştirak etmiş növbəti müəllim Bədəl Hüseynovun bioqrafiyasını təqdim edirik:

Vətən Müharibəsində şanlı zəfərin qazanılmasında iştirak edən, döyüş meydanındakı qəhrəmanlıqları ilə vətənpərvərlik dərsi keçən Bədəl Sudeyf oğlu Hüseynov 1980-ci il fevralın 20-də anadan olub.

Bədəl Hüseynov 1996-cı ildə Sabirabad rayonu Muğangəncəli kənd Vüqar Həsənov adına tam orta məktəbi bitirib. 1997-2001-ci illərdə Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində təhsil alıb. 2001-ci ildə leytenant, 2004-cü ildə baş leytenant rütbəsini alıb.

2002-2006-cı illərdə Sabirabad rayonunda, 2006-cı ildən isə "Çağ" Öyrətim Türkiyə-Azərbaycan özəl liseylərində müəllim işləyib. 2012-2018-ci illərdə Sabirabad rayonu Muğangəncəli kənd Vüqar Həsənov adına tam orta məktəbdə müəllim və təlim-tərbiyə işləri üzrə direktor müavini işləyib.

2020-ci ildən Bakı şəhəri 221 nömrəli tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışır.

Vətən Müharibəsi başlayan kimi cəbhəyə gedən B.Hüseynovun döyüş yolu Tərtər, Goranboy, Qubadlı və Laçından keçib. Müharibədə taqım komandiri kimi iştirak edən B.Hüseynov xidmətlərinə görə “Vətən müharibəsi iştirakçısı" və "Laçının azad olunması" medalları ilə təltif olunub.

B.Hüseynov tale yolunun bir qanadında məktəb, o biri qanadında böyük bir mübarizə, od-alov və həyəcan olsa da, Vətən Müharibəsinin qəhrəman müəllimi adının verdiyi xoşbəxtlik duyğularının sonsuz olduğunu söyləyir.