Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı - Video-Yenilənib

vusal-silderin-qetli-ile-bagli-mehkeme-basladi
Oxunma sayı: 1053

Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verməkdə ittiham olunan Xəyal Əli-Zadə 13 il sonra mühakimə edilir.

“Qafqazinfo”nun məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ilk iclas keçirilib.

Hazırlıq iclası tanışlıq mahiyyəti daşıyır. Prosesdə əvvəlcə tərəflərin anket məlumatları dəqiqləşdirilib, işin verildiyi məhkəməyə aid olub-olmadığı aydınlaşdırılıb. Bundan əlavə, məhkəmə istintaqına qədər bəzi vəsatətlər qaldırılıb.

13 il əvvəl ölkə gündəmini zəbt edən bu dəhşətli hadisəni sifariş verməkdə təqsirləndirilən Xəyal Bakı İstintaq Təcridxanasından məhkəmə salonuna gətirilib. O, öz müdafiəsini keçmiş tanınmış hakim, hazırda vəkillik edən Əlövsət Abbasov vasitəsilə həyata keçirir.

Mərhum Vüsalın hüquqi varisi qismində atası Adolf Şilder, zərərçəkmiş qismində isə anası Mətanət Şilder tanınıb. Valideynlər ikisi də məhkəmədə iştirak edir. Bu cinayət işində adı hallanan digər şəxs isə keçmiş məmur Tariyel Ağayevdir.

Fotoda Əli-Zadə Xəyal Məzahir oğlu

Mərhum Vüsalın anası dəfələrlə iddia edib ki, oğlunun qətlinin sifarişçilərindən biri məhz Tariyel Ağayev olub. Ana buna səbəb kimi oğlunun Tariyel Ağayevin qızı L.A. ilə sevgi münasibətində olmasını göstərib. Ananın iddiasına görə, Tariyel Ağayev qızının Vüsalla münasibətinə qarşı olduğu üçün kürəkəni-hazırda məhkəmə qarşısında olan Xəyalla birlikdə Vüsalın qətlini təşkil edib. Lakin bu iddia rəsmi şəkildə təsdiqini tapmayıb.

Fotoda mərhum Vüsal Şilder

Tariyel Ağayev hazırkı cinayət işi üzrə də şahid qismində tanınmayıb. Hadisənin ən mühüm şahidlərindən və qətlin təfərrüatlarından xəbərdar olanlardan biri Xəyaldır. O, hazırda məhkəmə qarşısındadır. Xəyalın Vüsal Şilderin qətli ilə bağlı nələr deyəcəyi, hansı məlumatları açıqlayacağı indidən maraq doğurur.

***

Xəyal Əli-Zadənin vəkili ilk çıxışında müvəkkilinin özünü heç bir halda təqsirli bilmədiyini deyib.

Vəkilin sözlərinə görə, Xəyal Əli-Zadəyə ehtimallar əsasında ittiham verilib, istintaq hərəkətləri düzgün aparılmayıb. Müdafiəçi onu da əlavə edib ki, Xəyal Əli-Zadə Vüsal Şilderi qətlə yetirən Elman və Seymurla da üzləşdirilməyib, bununla bağlı vəsatət versələr də, qəbul edilməyib.

Qeyd olunanlara əsasən, vəkil cinayət işinin prokurora qaytarılmasını, bundan əlavə, müvəkkilinin ev dustaqlığına buraxılmasını istəyib.

Həm prokuror, həm Vüsal Şilderin valideynləri buna etiraz edib. Vüsal Şilderin valideynlərini təmsil edən vəkil Fərid Həsənov deyib ki, Xəyalın o halda həbsdən azad edilməsinə razı olarlar ki, o, qətlin əsl sifarişçisinin adını desin.

Valideynləri təmsil edən vəkil isə Vüsal Şilderlə sevgili olmuş L.A-nın məhkəmədə şahid qismində dindirilməsini istəyib. Onlar mərhumla L.A. arasındakı yazışmaları da məhkəməyə təqdim etməyə hazır olduqlarını deyiblər.  

Prokuror bu vəsatətə gələcəkdə məhkəmə araşdırması zamanı baxıla biləcəyini deyib. Həmçinin Lalənin məhkəməyə qədər prokurorluqda dindirildiyi məlum olub.

Məhkəmənin qərarı ilə işin prokurora qaytarılması və təqsirləndirilən şəxsin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətlər rədd edilib.

Əsas iclas sentyabrın 28-nə təyin edilib.

Qeyd edək ki, Vüsalın qətlində təqsirli bilinən Elman İsgəndərov və Seymur Talıbov da o vaxt eyni məhkəmədə mühakimə edilib. Elman 15, Seymur 12 il azadlıqdan məhrum edilib. Onların cəza müddəti 2013-cü ildən hesablandığı üçün Seymur artıq azadlıqda olmalıdır.

Sail Ağasəlim