Aparılan meyvə şirəsi və enerji içkisi deyil, metamfetamin imiş - Fotolar

aparilan-meyve-siresi-ve-enerji-ickisi-deyil-metamfetamin-imis
Oxunma sayı: 374

Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda psixotrop maddənin tranzit yolla Azərbaycan ərazisindən keçirilməsinin qarşısı alınıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Bildirilib ki, “Şahtaxtı” gömrük postunda İrandan Azərbaycan ərazisindən tranzit keçməklə Almaniyaya “meyvə şirəsi və enerji içkisi” yükü aparan nəqliyyat vasitəsi gömrük nəzarətinə cəlb edilib.

Stasionar rentgen qurğusunda aparılan yoxlama zamanı yükdə şübhəli təsvirlər müşahidə edilib, eyni zamanda bəzi qutuların xarici görünüşlərinin digərlərindən fərqlənməsi üçün yandırılaraq işarələndiyi məlum olub.

Kinoloji xidmət itinin təbiqi ilə davam etdirilən yoxlama zamanı 11 qutudakı 84 ədəd şəffaf plastik butulkada qırmızı rəngli, kəskin iyli maye olduğu müəyyənləşdirilib.

Naxçıvan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılan tədqiqat nəticəsində xüsusi üsullarla gömrük nəzarətindən gizlədilən həmin butulkalardakı maddənin maye halında xalis təmiz çəkisi 29 kiloqram 485.111 qram olan xüsusilə külli miqdarda psixotrop maddə - metamfetamin olduğu aşkar edilib.