Yanvarın 4-ü “Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyinin İdarə Heyətinin üzvləri və rayon filiallarının sədrləri ilə görüş keçirilib.
“Qafqazinfo” xəbər verir ki, görüş zamanı İB-nin sədri Bəhruz Məmmədzadə 2025-ci il ərzində həyata keçirilən işlər barədə hesabat verib.
B. Məmmədzadə bildirib ki, il ərzində şəhid ailələrinin, qazilərin və veteranların sosial müdafiəsinin gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyası və vətənpərvərlik dəyərlərinin təbliği istiqamətində ardıcıl və məqsədyönlü işlər aparılıb.
O ümumilikdə 2025-ci ildə keçirilən tədbirlər barədə geniş məlumat verib: “2025-ci il təşkilatımız üçün olduqca uğurlu il oldu. Bu il şəhid ailələri və qazilər üçün tibbi müayinə aksiyası, 100-dən çox şəhid və qazi övladının məktəb ləvazimatları və geyimlə təminatını həyata keçirdik. Ölkənin ən böyük şirkətlərindən biri olan “Paşa Holdinq”in dəstəyi ilə ərzaq yardımı etdik. Bu il həmçinin qürurla xidmət etdiyimiz XTQ-nin yaranmasının 26-cı ildönümünü qeyd etdik”.
Bəhruz Məmmədzadə əlavə edib ki, İctimai Birlik şəhər və rayonlarda şəhid ailələrinin və qazilərin problemləri ilə yenə yaxından maraqlanır, qazilər ilə veteranların mədəni və sosial layihələrdə iştirakına xüsusi diqqət yetirir.
Tədbirdə Birliyin rayon şöbələrinin rəhbərlərinin, həmçinin İdarə Heyətinin üzvlərinin təklifləri dinlənilib, gələcəkdə görüləcək işlər barədə danışılıb.



Son xəbərlər
Son Xəbərlər