Yeni ildə turşudan zəhərlənmişdi, 22 gün sonra öldü - Yenilənib

yeni-ilde-tursudan-zeherlenmisdi-22-gun-sonra-oldu
Oxunma sayı: 1778

Yeni il günü turşudan zəhərlənən 53 yaşlı Elşən Şöyübov 22 gün sonra vəfat edib. 

“Qafqazinfo” xəbər verir ki, hadisə Qazax rayonunun Qaymaqlı kəndində baş verib. 

Belə ki, Şöyübovlar ailəsi bayram günü yedikləri pomidor turşusundan zəhərləniblər. Ailənin iki övladı müalicə alaraq sağalıb. E.Şöyübovun vəziyyəti ağır olduğuna görə Bakıya gətirilib və Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 

Kliniki Tibbi Mərkəzdən sorğumuza cavab olaraq bildirilib ki, E.Şöyübov bu il yanvarın 1-də turşudan zəhərlənmə şübhəsi ilə Toksikologiya şöbəsinə hospitalizasiya olunub:

“Pasiyentə zəruri tibbi xidmətlər göstərilib, aparılan müayinələrin nəticələrinə əsasən ona botulizm diaqnozu təyin edilib. Pasiyent ağır vəziyyətdə 22 gün reanimasiya şöbəsində müalicə alıb, daha sonra ailə üzvlərinin könüllü müraciəti əsasında özəl klinikaya köçürülüb”.

E.Şöyübov ötən gün müalicə aldığı özəl xəstəxanada vəfat edib.

***

Qida Təhlükəsizliyi Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, Qazaxda qeydə alınan zəhərlənmə hadisəsi ev şəraitində hazırlanan məhsuldan baş verib.

Rayonun Qaymaqlı kənd sakini Şüyübov Elşən Şəmkəd oğlunun və övladları Şüyübov Eltac Elşən oğlu, Şüyübova Ülkər Elşən qızının qida zəhərlənməsi hadisəsi ilə bağlı araşdırma aparılıb.

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən şübhəli məhsul olan ev şəraitində hazırlanmış pomidor turşusu qalığından nümunə götürülərək müayinələrə cəlb olunub. Sınaq nəticəsində “Clostridium botulinum” aşkarlanıb. Araşdırma zamanı zərərçəkənlər bildiriblər ki, həmin məhsullar ev şəraitində hazırlanıb. 

Qeyd edək ki, Şüyübov Eltac Elşən oğlu və Şüyübova Ülkər Elşən qızının səhətləri yaxşılaşdığı üçün evə buraxılıb, Şüyübov Elşən Şəmkəd oğlu xəstəxanada vəfat edib.

Gülşad Musayeva