Bu gün Ağdam Rayon Heydər Əliyev Mərkəzinin qarşısında Zəfər Gününə həsr olunmuş bayram tədbiri keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə “Şəhidlər” Abidə Kompleksini ziyarət edib, önünə gül dəstələri düzərək şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, mədəniyyət müəssisələrinin, Ağdam Dövlət Dram Teatrının, Ağdam Musiqi Kollecinin dəstəyi, idmançıların iştirakı ilə baş tutan bayram tədbirində Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri və media mənsubları iştirak edib.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov çıxış edərək tədbir iştirakçılarına təbriklərini çatdırıb, 2020-ci ilin sentyabrın 27-dən başlayıb, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən Müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilməsindən, xalqımızın öz liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü nümayiş etdirməsindən bəhs edib.
Daha sonar respublikanın əməkdar artistləri Fehruz Səxavət, Səbuhi İbayev, Elnur Zeynalov, Ehtiram Hüseynov muğam ifaçısı Güllü Muradova və Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının təqdimatında xalq və bəstəkar mahnılarından ibarət musiqi nömrələri tədbir iştirakçılarına təqdim edilib.
Sonda Rayon İcra Hakimiyyəti tərəfindən atəşfəşanlıq təşkil olunub.