Bakıda uşaqlara şəxsiyyət vəsiqəsi almaq çətinləşib - Səbəb isə... + Yenilənib

bakida-usaqlara-sexsiyyet-vesiqesi-almaq-cetinlesib
Oxunma sayı: 12645

ASAN Xidmət mərkəzlərində azyaşlı uşaqlara şəxsiyyət vəsiqəsi almaq asanlaşmaq əvəzinə, çətinləşib. 

“Qafqazinfo” xəbər verir ki, uşaqlarına şəxsiyyət vəsiqəsi almaq üçün ASAN-a müraciət edən vətəndaşlara bildirilib ki, onların doğum haqqında şəhadətnamələri ilə bağlı məlumat bazası sistemdə yoxdur. Və mərkəzdən o da əlavə olunub ki, hər gün bu problemlə üzləşən xeyli vətəndaş var.

Qeyd olunur ki, Ədliyyə Nazirliyi azyaşlıların doğum haqqında şəhadətnamələrindəki məlumatları Daxili İşlər Nazirliyinin bazasına təqdim etməyib. 

***

Ədliyyə Nazirliyi məlum problemlə bağlı açıqlama yayıb. "Qafqazinfo"ya daxil olan məlumatda qeyd edilir ki,  2018-ci il 1 sentyabr tarixindən Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin və digər dövlət informasiya resurslarının məlumatlarından istifadə olunmaqla Azərbaycan vətəndaşlarına yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılıb.

Yeni nәsil şәxsiyyәt vәsiqәsinin elektron daşıyıcısında digər məlumatlarla yanaşı Əhalinin Dövlət Reyestrindən əldə edilən vətəndaşın, valideynlərinin, ərinin (arvadının), uşaqlarının, soyadı, adı və atasının adı, habelə ərinin (arvadının) nikaha daxil olarkən soyadı dəyişdirilibsə, nikahdan əvvəlki soyadı barədə məlumatlar yerləşdirilir.

Əhalinin Dövlət Reyestrinin məlumat bazası Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində saxlanılan 16 milyondan artıq akt qeydi nüsxələrinin skanerləşdirilməsi, həmçinin elektron formata köçürülməsi əsasında yaradılıb. Hazırda reyestrdə 9.154.017 fərdi identifikasiya nömrəsi (FİN) verilmiş şəxs barədə məlumatlar mövcuddur (Əhalinin Dövlət Reyestri yaradıldığı 01.02.2010-cu il tarixədək vəfat edənlər istisna olmaqla).

Lakin akt qeydlərinin bir hissəsi keçmişdə başqa dillərin əlifbası ilə tərtib edildiyindən onların azərbaycan dilinə proqram vasitəsi ilə dəqiq tərcüməsi mümkün olmur. Məsələn əvvəllər rus dilində yazılmış adlarda və soyadlarda “a” hərfinin “a” və ya “ə”, “q” və “k” hərflərinin o cürə və ya “g” kimi və sair yazılması avtomatlaşdırılmış qaydada deyil, yalnız insanın özü tərəfindən müəyyən edilməlidir ki, bu da vaxt itkisinə səbəb olur.

Həmçinin keçmişdə məscidlərdə və kəndlərdə saxlanılan bir çox akt qeydləri Ədliyyə Nazirliyinə təhvil verilməmiş, bu və digər səbəblərdən akt qeydlərinin üzərində şəxslərin adının və soyadının dəyişdirilməsi ilə bağlı düzəlişlər aparılmamış, buna görə də mövcud ad və soyadlarda fərqlər yaranmışdır.

Bundan başqa 2010-2014-cü illərdə uşaqlara doğumun qeydiyyatı zamanı FİN verilməsinə baxmayaraq onlara şəxsiyyət vəsiqəsi alınarkən digər orqanlar tərəfindən səhvən yeni FİN verilməsi halları da mövcud olmuşdur.

Şəxslərin soyadı, adı, ata adı, ailə vəziyyəti ədliyyə qurumlarında dəyişməsinə baxmayaraq digər orqanlar tərəfindən bu hal nəzərə alınmamış, nəticədə isə hazırda həmin şəxslərin avtomatlaşdırılmış qaydada eyniləşdirilməsi mümkün olmur.

Bildirilir ki, Əhalinin Dövlət Reyestrinin tərkib hissəsi olan “Vәtәndaşlıq vәziyyәti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindəki məlumatların dəqiqləşdirilməsi məqsədi ilə qeydiyyat şöbələrində saxlanılan akt qeydlərinin sistemdəki məlumatlarla üzləşdirilməsi çərçivəsində 2017-2018-ci illərdə ümumilikdə 1,6 milyondan artıq akt qeydi yoxlanılmış, informasiya sistemində 1 milyondan yuxarı akt qeydinə düzəliş edilmiş, Ədliyyə Nazirliyinə təhvil verilməmiş 20 minə yaxın akt qeydi barədə məlumat həmin sistemə daxil edilmişdir.

Bu məsələlərin həlli məqsədi ilə informasiya sistemi təkmilləşdirilmiş, Nazirliyin aidiyyəti qurumunda “Qaynar xətt” (012) 404-07-12, 404-07-13 və 404-07-14 və xüsusi işçi qrup yaradılıb.

Gün ərzində işçi qrupa təqribən 800 müraciət daxil olur və onlar əksəriyyəti 1-3 gündən artıq olmayan müddətdə həllini tapır.

Hazırda həmin müddətin daha da azaldılması istiqamətində iş aparılır.