Onu necə görmək istəyirəm?

onu-nece-gormek-isteyirem
Oxunma sayı: 787

Hər bir Azərbaycan vətəndaşı müstəqillik bayramımıza öz töhfəsini verə bilər. Bizcə, müstəqilliyimizin 20 illiyinə indiki şərtlərdə ən dəyərli hədiyyəmiz soyadlarımızı milliləşdirmək olardı. Nə qədər acınacaqlı olsa da dövlət olaraq azadlığa qovuşduğumuz bu 20 ildə Qarabağımızı erməni-rus işğalından qurtara bilmədiyimiz kimi fərdi kimliyimiz olan soyadlarımızı da rus istilasından azad edə bilməmişik. Qarabağın işğalından fərqli olaraq ikinci situasiyanı dünya birliyinin ədalətsizliyi ilə də pərdələyə bilmərik. Buna görə heç kimi tutmur, təqib etmir, cəzalandırmırlar da. Bu, sadəcə vətəndaş mövqeyi məsələsidir...


Ən geniş Avropa

İndi isə gəlin ATƏT məkanına daxil olan bütün prezident respublikalarını sıralayaq: Rusiya, Belarus, Ukrayna, Azərbaycan, Gürcüstan, Ermənistan, Serbiya, Çernoqoriya, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan. Bu siyahıdan yalnız Moldova və Qırğızıstan qopa bilib. Bu ölkələrin hamısını birləşdirən bir əlamət var: Rusiya ilə bağlılıq faktoru! Vaxtilə bu ölkələrin hamısı Rusiyanın “peyk”i olub, bəziləri elə indi də bu funksiyanı icra etməkdədir. Baxın, Yuqoslaviyadan qopmuş bütün ölkələr Avropa “yolu”nu seçdikləri halda yalnız Serbiya və ondan törəmiş Çernoqoriya Rusiya “yolu”na sadiqdir. Bu ölkələri nəzərdən keçirək:

Rusiya Federasiyası idarəetmə statusuna görə rəsmən parlament-prezident respublikasıdır. Lakin Rusiya prezidenti D.Medvedyev və baş naziri və sahibi (!) V.Putin bu ölkənin prezident respublikası olduğunu dəfələrlə vurğulayıb. Təsəvvür edirsinizmi, prezident və baş nazir öz istəkləri ilə dövlət idarəetmə formasını dəyişdirir, yenisini müəyyən edir! Məncə, elə bu fakt Rusiya demokratiyasının və dövlət idarəetməsinin durumunu açmağa yetərlidir. İnsafən, Medvedyev və Putin haqlıdır. Rusiya Federasiyasının parlament-prezident respublikası deyil, icra strukturunun aşırı səlahiyyətləndirilməsi ilə səciyyələnən prezident respublikası olduğunu Rusiya Konstitusiyasının müəlliflərindən biri, Rusiya Konstitusiya Məhkəməsinin sədri, professor V.Zorkin də etiraf edib. Rusiyada insan haqlarının, demokratiyanın, iqtisadiyyatın acınacaqlı vəziyyəti göz önündədir. Bu “şər imperiyası” bir əsrə bərabər müddətdə təkcə şər və qaragüruh ixrac etməklə kifayətlənməyərək özünü də dünyada cərəyan edən mütərəqqi inkişaf meyllərindən təcrid etməyi “bacarıb”. Nəticə isə göz qabağındadır: itirə-itirə gedir və itkiləri hələ çox davam edərək coğrafi sərhədlərini də aşacaq!

Belarus. Bu ölkə haqda çox danışmağa ehtiyac yoxdur. Zatən “Avropanın sonuncu diktatoru” adlandırılan hakimi-mütləqi A.Lukaşenko ölkəsi haqda hamıdan aydın danışır: şər, böhtan, hədə-qorxu və qaragüruh dilində! Sözdə prezident respublikası olan Belarus özündə klassik diktatura rejimlərinin bütün əlamətlərini ehtiva edir. Aydındır ki, bu dəyişən və şəffaflaşan dünyada siyasi perspektivləri tükənmək üzrədir.

Ukrayna da rəsmən Rusiya kimi parlament-prezident respublikasıdır. Və elə Rusiya kimi güclü prezident hakimiyyətinin qanunverici hakimiyyət üzərində dominantlığı ilə səciyyələnir. Gerçək qarışıq idarəetmə modelli Fransadan fərqli olaraq Ukrayna Radası hökumətin təşkilində yalnız formal baxımdan iştirak edir və onu istefaya göndərmək səlahiyyətinə malik deyil. Radanın hökuməti təftiş səlahiyyətləri yalnız büdcə məsələlərinə nəzarətlə məhdudlaşır. Ukraynanın yaxın tarixində demokratik seçki ənənəsi yaransa da hazırda bu ölkədə, xüsusilə də ana müxalifətin lideri Y.Timoşenkonun həbsindən sonra demokratiyanın durumu kəskin pisləşib. Bu vəziyyətin yaranmasında “dişsiz” parlamentin güclü prezident səlahiyyətlərinə malik V.Yanukoviçin qarşısında “siyasi səbatsızlığının” xüsusi rolu var. Zəif parlament hakimiyyətin qolları arasında balans yaratmağa qadir deyil.

Ermənistan haqda istər dövlət, istərsə də respublika sözlərini yalnız şərti mənada işlətmək olar. Rusiyanın periferiyası, forpostu, müstəmləkəsi təyinlərinin hər biri Ermənistanın boyuna dövlət və respublika sözlərindən daha çox yaraşır. Sözdə dövlət Ermənistanda demokratiyanın vəziyyəti haqda “acınacaqlı” təyini ilə kifayətlənirik. Gerisi isə bəllidir.

Qazaxıstan, Özbəkistan, Türkmənistan və Tacikistan prezident respublikalarıdır. Bu ölkələri idarəetmə formasına görə monarxiya da adlandırmaq olar və əslində bu təyin gerçəklərin əks olunması baxımından daha uğurlu olardı. Bu ölkələrin qeyri-məhdud səlahiyyətli prezidentləri ilə məsələn, Səudiyyə kralı arasında çox az fərq tapmaq olar. Bu ölkələrin hamısında parlament “xalq tərəfindən seçilir”. Əslində isə onun qeyri-məhdud “monarx” hakimiyyətinə respublika legitimliyi verməkdən başqa bir funksionallığı yoxdur. Ancaq verə bilirmi?

Qırğızıstan 27 iyun 2010-cu ildə qəbul etdiyi yeni konstitusiyası ilə parlament respublikası idarəetmə formasını təsbit etməklə bu sahədə Orta Asiyanın pionerinə çevrildi. Bu ölkə MDB dövlətləri arasında Moldovadan sonra Rusiya “qravitasiyasından” qopmuş ikinci ölkə oldu.

Gürcüstan hazırda prezident respublikası olsa da dövlət idarəçiliyi sahəsində ciddi və köklü islahatlar ərəfəsindədir. Gürcüstanın yeni konstitusiyasının layihəsi artıq Avropa Şurası Venesiya Komissiyası tərəfindən müsbət rəy alıb. 2013-cü ildə, növbəti prezident seçkilərindən sonra qüvvəyə minməsi planlaşdırılan bu Ana Qanuna görə, prezidentin bir çox səlahiyyətləri baş nazirə ötürüləcək. Hökumətin parlament qarşısında siyasi məsuliyyətini nəzərdə tutan bu qanuna görə, prezident yalnız nominal olaraq ölkə başçısının səlahiyyətlərini icra edəcək. Parlament istədiyi vaxt hökuməti istefaya göndərmək səlahiyyətinə yiyələnəcək. Göründüyü kimi, Gürcüstan da 2013-cü ildən faktiki olaraq parlament respublikasına çevriləcək.

Moldova hazırda qüvvədə olan 29 iyul, 1994-cü il konstitusiyasına görə, parlament respublikasıdır. Bu ölkədə hətta prezident də parlament tərəfindən seçilir və ya son iki ilin təcrübəsini nəzərə alsaq, seçilmir! MDB məkanında ilk olaraq Moldovanın parlament respublikası modelinə müraciət etməsini özəl səbəbi var. Bu, şübhəsiz ki, Rumıniya faktorudur. Rumıniyanın onunla faktiki olaraq “bir millətin iki dövləti” olan Moldovaya ciddi siyasi-ideoloji təsir imkanları var və dövlət idarəetmə modelinin seçimində Rumıniya “izi” şəksizdir.

Serbiya və Çernoqoriya hazırda Avropa Birliyi ilə siyasi-hüquqi-iqtisadi islahatlar paketi üzərində ciddi əməkdaşlıq edir. Bu ölkələrin AB-yə üzvlüyə hazırlanması prosesində həyata keçiriləcək geniş və əhatəli islahatlar şübhəsiz ki, dövlət idarəetmə sisteminin yenidənqurulması və təkmilləşdirilməsini də əhatə edəcək.

... Və doğma Türkiyəmiz. Türkiyə Cümhuriyyəti yarandığı tarixdən - 29 oktyabr 1923-cü ildən bu günədək parlament respublikasıdır. Hazırda Türkiyədə yeni Anayasa çalışmalarına başlansa da hələlik ölkənin həyatı 1982-ci il konstitusiyası ilə tənzimlənir. Hökumət parlament qarşısında siyasi məsuliyyət daşıyır və istənilən vaxt parlament çoxluğu tərəfindən istefaya göndərilə bilər. 21 oktyabr 2007-ci il tarixli Anayasa islahatınadək cümhurbaşqanı Böyük Millət Məclisi tərəfindən bir dəfədən çox olmayaraq 7 il müddətinə seçilirdi. Bu islahatdan sonra Türkiyə prezidentini birbaşa seçkilər yolu ilə xalq seçir və o, iki dəfə 5 il müddətinə seçilə bilər. Beləliklə də 28 avqust, 2007-ci ildən etibarən bu postu tutan sayın Abdulla Gül Türkiyə tarixində parlament tərəfindən seçilmiş son prezident olacaq.

Müsəlman dünyasının örnək demokratiyası olan Türkiyənin idarəetmə modeli bir çox bölgə ölkələri üçün cəlbedici nümunəyə çevrilib. Təsadüfi deyil ki, istər artıq konstitusiya islahatlarını həyata keçirmiş Qırğızıstan, istərsə də bu yöndə ilk addımlarını atan Tunis və Misir məhz “Türkiyə modelli idarəetmə və demokratiya” qurmağa can atdıqlarını bəyan ediblər. Göründüyü kimi, dünya qardaşımızdan öyrənir. Bəs biz?

***

Bu qısa araşdırmadan aydın olduğu kimi, Avropa və şərti olaraq adlandırdığımız ən geniş Avropa ölkələrini dövlət idarəetmə modelinə görə iki qrupda təsnifatlandırmaq olar: 1. Demokratik institutların funksionallığı, siyasi sistemin dayanıqlığı və iqtisadi rifahın inkişafı ilə səciyyələnən parlament üsul-idarəli ölkələr; 2. Avtoritarizm meyllərinin inkişafı, bəzi hallarda isə diktatura elementləri ilə səciyyələnən, siyasi sabitliyin imitasiya edildiyi və iqtisadi rifahın illüziya olaraq qaldığı prezident respublikaları.
Mən Şərqə demokratiya və parlamentarizm ənənəsini gətirmiş ölkəmi, böyük Səməd Vurğunun təbirincə desək, gələcəyə qaliblərin cərgəsində gedən görmək istəyirəm. Əminəm ki, bu, hər bir azərbaycanlının arzusudur. Odur ki, vətəndaş təəssübkeşliyindən doğan bu subyektiv düşüncələrimi dəyərli oxucularla paylaşmaqla mövzu ətrafında polemikaya rəvac vermək niyyətindəyəm.

musavat.com