“Ermənistandakı seçkilərdə Brüsselin də aktiv rol oynadığı artıq sirr deyil”

ermenistandaki-seckilerde-brusselin-de-aktiv-rol-oynadigi-artiq-sirr-deyil
Oxunma sayı: 301

Cəmi iki gün sonra Ermənistanda parlament seçkiləri keçiriləcək. Rəsmi İrəvan dünyaya guya demokratiya nümayiş etdirməyə çalışır, Qərb institutları isə növbəti dəfə bu tamaşanın beynəlxalq legitimlik qazanması üçün səhnənin kənarında dayanıb alqışlayır. Lakin ölkədə baş verən hadisələrə diqqətlə baxdıqda ortaya tamamilə fərqli mənzərə çıxır.

Bu gün Ermənistanda seçki kampaniyası siyasi proqramların, ideyaların və platformaların yarışı deyil. Bu, hakimiyyətin inzibati resursları, xarici güclərin maliyyə və siyasi dəstəyi, hüquq-mühafizə orqanlarının imkanları və informasiya resursları üzərində qurulan sərt siyasi qarşıdurmadır. Mübarizə aparanlar da iqtidar və müxalifət partiyaları yox, Qərb və Rusiyadır.

Ən maraqlısı isə odur ki, dünyanın müxtəlif ölkələrində ən kiçik seçki pozuntusunu belə "demokratiyaya təhdid" kimi təqdim edən beynəlxalq müşahidə missiyaları Ermənistanda baş verənləri görmür, daha doğrusu, görmək istəmir.

Seçkiöncəsi repressiya dalğası

Seçkilər ərəfəsində Ermənistanda baş verən son hadisələr təsadüfi əməliyyat təsiri bağışlamır. Əksinə, hakimiyyətin siyasi rəqiblərə qarşı sistemli kampaniyasını xatırladır.

Təkcə son bir gündə saxlanılan şəxslərin siyahısına baxmaq kifayətdir:

Keçmiş təhsil naziri Armen Aşotyan, Brusov Universitetinin keçmiş rektoru Qayane Qasparyan, prorektor Artur Ayvazyan, universitetin idarə heyətinin sədri Vigen Sarkisyan, sabiq maliyyə naziri Qaqik Xaçatryan, onun oğlu Artyom Xaçatryan, Arutyun Tatevosyan, Respublika Partiyasının üzvü Arman Saakyan, keçmiş Yerevan meri Qaqik Beqlaryan və digər şəxslər ya saxlanılıb, ya həbs olunub, ya da barələrində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə müraciət edilib.İttihamlar isə müxtəlifdir: vəzifə səlahiyyətlərindən sui-istifadə, çirkli pulların yuyulması, seçki rüşvəti və digər cinayətlər.

Burada diqqətçəkən məqam ittihamların mahiyyətindən daha çox zamanlamadır.

Əgər bu şəxslərin fəaliyyətində, doğrudan da, cinayət tərkibi var idisə, niyə istintaq məhz seçki kampaniyasının son günlərində belə fəallaşıb? Nə üçün illərlə davam edən işlər birdən-birə seçki ərəfəsində sürətlənir? Niyə hədəfdə əsasən müxalifətlə əlaqələndirilən şəxslər dayanır?

Bu sualların cavabı yoxdur. Heç beynəlxalq müşahidəçilər də bu barədə sual vermirlər.

Mətbuatın qapısına döyən xüsusi xidmət orqanları

Demokratiyanın ən mühüm göstəricilərindən biri media azadlığı hesab olunur. Lakin seçki gününə az qalmış Ermənistanın “Armat Media”nın redaksiyasına hüquq-mühafizə orqanlarının daxil olması ciddi suallar yaradır.

Əlbəttə, istənilən hüquqi əməliyyat qanun çərçivəsində həyata keçirilə bilər. Ancaq seçki ərəfəsində media qurumlarına qarşı atılan hər addım xüsusi həssaslıq tələb edir.

Qəribədir ki, başqa ölkələrdə jurnalistin polisə çağırılması belə Qərb təsisatlarının hesabatlarında xüsusi bölmə ilə qeyd olunur, amma Ermənistanda redaksiyalara xüsusi xidmət orqanlarının daxil olması ciddi reaksiya doğurmur. “Demokratiya standartları” görünür ki, ölkədən-ölkəyə dəyişir.

Avro və rublla alınan səslər

Ermənistanda seçki kampaniyasının ən çox müzakirə olunan mövzularından biri də seçici səslərinin pulla alınmasıdır.

Erməni KİV-in məlumatlarına görə, regionlarda bir seçici səsinin qiyməti 10-25 dollar arasında dəyişir. Maraqlısı budur ki, bu üsuldan həm Qərbyönlü qüvvələr, həm də Rusiyaya yaxın siyasi dairələr istifadə edirlər.

Belə ki, Samvel Karapetyanın yaratdığı "Güclü Ermənistan" partiyasının nümayəndələri seçicilərə "xeyriyyə yardımı" adı altında pul paylamaqda şübhəli bilinərək saxlanılıblar. Digər tərəfdən isə Avropa fondları və müxtəlif QHT layihələri vasitəsilə seçki prosesinə təsir göstərilir, hazırki hakimiyyətin əlini gücləndirməyə xidmət edən addımlar atılır.

Yəni həm iqtidar, həm də müxalifət eyni oyunu oynayır. Fərq yalnız maliyyənin mənbəyindədir. Bir tərəfə vəsait avro ilə çatır, digər tərəfə isə rublla...

Hava limanından birbaşa hərbi toplanışa

Seçkilər ərəfəsində ortaya çıxan ən maraqlı hadisələrdən biri də xaricdən qayıdan Ermənistan vətəndaşlarının hərbi uçota alınması oldu.

Bir neçə gün əvvəl beynəlxalq mediada Rusiyada yaşayan on minlərlə Ermənistan vətəndaşının seçkilərdə iştirak etmək üçün ölkəyə göndərildiyi barədə məlumatlar yayıldı. “Reuters”in yazdığına görə, Rusiya bu planı həyata keçirmək üçün 50 milyon vəsait də ayırıb.

Bundan dərhal sonra sərhəd-keçid məntəqələrində, o cümlədən hava limanlarında Rusiyadan gələn Ermənistan vətəndaşlarının hərbi qeydiyyata alınaraq 25 günlük hərbi təlimlərə cəlb edilməsi qərarı verildi. Beləliklə, seçkidə iştirak etmək üçün ölkəyə gələn vətəndaşlar özlərini hərbi sistemin nəzarəti altında tapdılar.

Brüsselin favoritləri və seçki neytrallığının sonu

Bu seçkilərdə təkcə Moskvanın deyil, Brüsselin də aktiv rol oynadığı artıq sirr deyil. Avropa Siyasi Birliyinin Zirvə toplantısı, Avropa rəsmilərinin ardıcıl açıqlamaları və hakimiyyətə göstərilən açıq siyasi dəstək seçki kampaniyasının ayrılmaz hissəsinə çevrilib.

Əgər eyni proses başqa bir postsovet ölkəsində baş versəydi, şübhəsiz ki, Qərb ekspertləri bunu "xarici müdaxilə" adlandırardılar. Ancaq Ermənistanda buna "demokratiyanın dəstəklənməsi" deyilir. Yəni, terminologiya dəyişsə də, mahiyyət dəyişmir.

Hamı müdaxilə edir, heç kim görmür

Ermənistanda seçki kampaniyası artıq siyasi proqramların deyil, geosiyasi təsir mərkəzlərinin yarışını xatırladır. Moskva öz adamlarını səfərbər edir, Brüssel öz favoritini gizlətmir, hakimiyyət isə dövlət maşınını seçki prosesinə qoşur. Bir tərəfdə səs alveri, digər tərəfdə siyasi həbslər... Bir yanda xaricdən gələn seçicilərin hərbi toplanışlara cəlb edilməsi, digər yanda açıq xarici siyasi dəstək nümayişləri müşahidə olunur. Belə bir mənzərə qarşısında seçkinin legitimliyindən söhbət belə gedə bilməz. Təəccüb doğuran isə bütün bunların beynəlxalq müşahidəçilərin diqqətindən “kənarda qalması”dır.

Amma bütün bunlardan daha maraqlısı başqa məqamdır.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Avropa Parlamenti, AŞPA və digər beynəlxalq müşahidə missiyaları, sanki, paralel dünyada yaşayırlar. Onlar başqa ölkələrdə ən xırda prosedur pozuntularını belə demokratiyanın süqutu kimi təqdim edirlər. Ermənistanda isə siyasi həbslər, inzibati təzyiqlər, xarici müdaxilə və seçki rüşvəti xəbərləri fonunda tam sakitlik hökm sürür.

Bu, Qərbin demokratiya, insan hüquqları və seçki standartları ilə bağlı illərdir təbliğ etdiyi prinsiplərin sadəcə siyasi alət olduğunu bir daha sübuta yetirir. Çünki yalnız rəqiblərə tətbiq olunur, dostlara münasibətdə isə “unudulan” yanaşma heç bir halda prinsip ola bilməz. Bu, siyasi oyuncaqdan başqa bir şey deyil...

Bizim.Media-nın analitik qrupu