Trampdan Tayvanla bağlı kritik qərar - 14 milyardlıq silah paketi dondurulur?

trampdan-tayvanla-bagli-kritik-qerar
Oxunma sayı: 296

ABŞ Prezidenti Donald Tramp Tayvana təxminən 14 milyard dollar dəyərində nəzərdə tutulan silah paketinin verilməsi ilə bağlı hələlik yekun qərar qəbul etmədiklərini bəyan edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” agentliyi yayıb.

Ağ Ev rəhbəri jurnalistlərin bu məsələni Tayvan rəhbərliyi ilə müzakirə edib-etməyəcəyi barədə sualına qısa cavab verib:

“Mən onunla hər zaman danışa bilərəm”.

Bununla belə, D. Tramp bir müddət əvvəl Çin lideri Si Cinpin ilə Tayvan və İran problemləri ətrafında ümumi anlaşma əldə etdiklərini bildirmişdi. O, rəsmi Pekinlə apardığı danışıqlarda Tayvana Amerika silahlarının mümkün satışı mövzusunun da masada olduğunu və bu barədə qərarını daha sonra açıqlayacağını diqqətə çatdırıb.

Xatırladaq ki, Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ Prezidenti ilə görüşündə Tayvanın statusu məsələsinə olduqca həssas yanaşmağın vacibliyini vurğulamışdı. Çin lideri bəyan etmişdi ki, Tayvanın “müstəqilliyinə” can atması ilə regionda sülhün qorunması bir-birini tamamilə istisna edən amillərdir və Tayvan boğazında sabitliyin saxlanılması Pekin-Vaşinqton əlaqələri üçün ən kritik faktordur.

Çinli diplomatlar isə bir qədər də irəli gedərək Tayvanı regionun “barıt çəlləyi” adlandırmışdılar.