Rəşid Behbudovun 100 illiyi - Fotolar

resid-behbudovun-100-illiyi
Oxunma sayı: 1763

Ötən gün Heydər Əliyev Sarayında SSRİ xalq artisti Rəşid Behbudovun anadan olmasının 100 illiyi təntənəli şəkildə qeyd olunub.

"Qafqazinfo" xəbər verir ki, tədbir prezident İlham Əliyevin sənətkarın 100 illiyinin keçirilməsi haqqında imzaladığı müvafiq Sərəncama əsasən təşkil olunub.

Əvvəlcə tədbir iştirakçıları sarayın foyesində sənətkarın ömür yolundan və yaradıcılığından bəhs edən fotosərgi ilə tanış olublar.

Yubiley gecəsində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sənətkarın ömür yolundan və Azərbaycan musiqisinin təbliğindəki xidmətlərindən danışıb.

Bildirilib ki, əsl müğənni və sənətkar ömrü yaşamış, yaradıcılığı ilə mədəniyyət tariximizdə parlaq şəxsiyyətlərdən biri olan görkəmli sənətkar və ictimai xadim Rəşid Behbudov öz həyatı və yaradıcılığı ilə adını musiqi mədəniyyəti tariximizə əbədi həkk edib.

Tədbirin bədii hissəsi Rəşid Behbudovun öz ifasında “Azərbaycan” mahnısının videolentinin nümayişi ilə başlayıb.

Gecədə tanınmış musiqiçilər Rəşid Behbudovun repertuarından “Tələsin insanlar”, “Sevgilim”, “Alagöz”, “Bahar sənsiz”, “Əziz dost”, “Sənə də qalmaz”, “Gözəlim sənsən”, “Qızıl üzük” və digər mahnıları ifa ediblər.

Həmçinin Rəşid Behbudovun öz ifasında lentə alınmış mahnılar yenidən təqdim olunub və alqışlarla qarşılanıb.

Sonda bütün musiqiçi iştirakçılar birlikdə “Azərbaycan” mahnısını səsləndiriblər.