“Adı Albaniya olsa da, söhbət bizim siyasətdən gedir”.
“Qafqazinfo” xəbər verir ki, bunu tarix elmleri doktoru Həsən Həsənov “Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda keçirilən seminar zamanı deyib.
O bildirib ki, Albaniya doğma dövlətimiz olub və bu dövlətimizin işinə qarşı göz tikənlər var: “Əsas söhbət bizim tariximizdən, xüsusilə də Azərbaycan dövlətçiliyinin qədimliyindən gedir. Bu məsələdə sovet tarixşünaslığından bizə miras qalan bəzi yanaşmaların yenidən nəzərdən keçirilməsinə ehtiyac yaranır.
Sovet dövründə geniş qəbul edilmiş yanaşmaya görə, Atropatena dövləti e.ə. IV əsrdə, Makedoniyalı İsgəndərin imperiyası dövründə meydana çıxıb. Yəni buna əsasən, Atropatena ilə Qafqaz Albaniyası təxminən eyni tarixi dövrdə yaranmış, müstəqil dövlət qurumları olub. Nəticədə onların arasında hər hansı tarixi və siyasi bağlılığın olmadığı fikri formalaşıb”.
Onun sözlərinə görə, Azərbaycan tarixinin qədim dövrü yalnız bir tarixşünaslıq məktəbinin mövqeyi ilə məhdudlaşdırılmamalıdır: “Qədim yunan və Roma müəllifləri, Şərq mənbələri, arxeoloji materiallar, epiqrafik məlumatlar və sonrakı tarixşünaslıq birlikdə araşdırılmalıdır. Həmçinin dövlətlərin və xalqların tarixini müqayisə edərkən terminologiyaya diqqət etmək lazımdır. Bir dövlətin müəyyən ərazidə qədim dövrdən mövcud olması ilə həmin ərazidə yaşayan əhalinin müasir milli kimliyi eyni məsələ deyil. Dövlətçilik ənənəsi, ərazi tarixi, dil tarixi və etnik kimliyin formalaşması ayrı-ayrı elmi problemlərdir.
Azərbaycan tarixinin qədimliyini əsaslandırmaq üçün ən güclü yol emosional mübahisə deyil, mənbələrin ardıcıl şəkildə ortaya qoyulmasıdır”.
Fidan Etibar
Son xəbərlər
Son Xəbərlər